ELM VƏ TƏHSİL
BP-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb
Bakı, 27 may, AZƏRTAC
BP şirkətinin insan resursları üzrə vitse-prezidenti Helmut Şuster Bakıya səfəri çərçivəsində Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi və tələbələri ilə görüşüb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Elmar Qasımov qonağa bu ali məktəb haqqında məlumat verib. Qeyd olunub ki, BANM Prezident İlham Əliyevin Fərmanı ilə yaradılıb. Rektor BANM-də neft-qaz, avtomatika və kimya sənayesi üzrə ingilisdilli, peşəkar mütəxəssislər hazırlandığını nəzərə çatdırıb. Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ən uğurlu sosial layihələrindən olan Bakı Ali Neft Məktəbinin yaradılmasının məqsədi gələcəkdə ölkəmizi xarici şirkətlərdə təmsil edə biləcək kadrların hazırlanmasıdır. BP şirkəti ilə BANM-in geniş əlaqələrindən söz açan rektor bu ali təhsil ocağının tələbələrinin hər il BP-də istehsalat təcrübəsinə cəlb olunduqlarını vurğulayıb. BANM-də verilən yüksək biliklər tələbələrə gələcəkdə istər yerli, istərsə də beynəlxalq şirkətlərdə öz karyeralarını qurmağa, əmək bazarındakı rəqabətdə önə çıxmağa stimul verir.
H.Şuster bildirib ki, Azərbaycana səfərinin məqsədi yerli BP komandası ilə görüşmək və regionda insan resurslarının fəaliyyəti ilə yaxından tanış olmaqdır. “BP-in mütəxəssislərinin Bakı Ali Neft Məktəbinə dəstək layihəsi”ndən söz açan qonaq bu layihənin BP-nin milliləşdirmə strategiyası çərçivəsində dövlət qarşısında götürdüyü mühüm öhdəliyin tərkib hissəsi olduğunu qeyd edib.
Sonra H.Şuster tələbələrin suallarını cavablandırıb.
H.Şusterə “Fəxri qonaq” diplomunu təqdim edib.