ELM VƏ TƏHSİL
BP şirkətinin vitse-prezidenti BANM-da təqdimatla çıxış edib
Bakı, 10 fevral, AZƏRTAC
BP şirkətinin əməyin təhlükəsizliyi və əməliyyat riskləri departamenti üzrə vitse-prezidenti Robert Vot Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün “Təhlükəsizlik və əməliyyat riskləri” mövzusunda təqdimatla çıxış edib.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, təqdimatdan əvvəl Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu ali təhsil müəssisəsinin beynəlxalq neft-qaz şirkətləri ilə əlaqələrindən, BP ilə əməkdaşlığından danışıb. Bildirilib ki, müxtəlif beynəlxalq şirkətlərin, o cümlədən BP-nin mütəxəssislərinin BANM-da keçirdikləri belə təqdimatlar tələbələr üçün faydalı olacaq.
R.Vot təqdimatda neft və qaz sənayesi tarixində baş vermiş böyük qəzalar, onların səbəbləri, belə halların baş verməməsi üçün BP-nin yerinə yetirdiyi təhlükəsizlik tədbirləri barədə danışıb.
Sonda BP şirkətinin vitse-prezidenti tələbələri maraqlandıran sualları cavablandırıb.