İQTİSADİYYAT
BP və “OPET” “Petrol Ofisi”nin yanacaqdoldurma şəbəkəsinin satışı üzrə tenderin ikinci mərhələsindən keçməyiblər
Bakı, 30 noyabr, Nihad Budaqov, AZƏRTAC
Avstriyanın “OMV” enerji şirkətinin Türkiyədə sahibi olduğu “OMV Petrol Ofisi A.Ş.” şirkətinin yanacaqdoldurma şəbəkəsinin satışı üzrə keçirilən tenderə təklif verən şirkətlərdən BP və “OPET” ikinci mərhələdə uduzublar.
AZƏRTAC “borsagundem.com”a istinadla xəbər verir ki, hazırda təklif mərhələsində SOCAR ilə yanaşı, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”, Hollandiyanın enerji şirkəti “Vitol” və “PETROMIN-C PORT OGG” şirkəti qalıb.
Xatırladaq ki, SOCAR noyabrın əvvəlində “OMV Petrol Ofisi A.Ş.” şirkətinin yanacaqdoldurma şəbəkəsinin satışı üzrə keçirilən tenderə təklif verib. Ötən ay isə SOCAR “OMV”nin Türkiyədəki törəməsi “OMV Petrol Ofisi A.Ş.”nin İzmirin Əliağa rayonundakı neft terminalının satın alınması üzrə “OMV Aktiengesellschaft” ilə razılığa gəlmişdi. Terminal 200 min kubmetr maye yanacaq və 45 min kubmetr mayeləşdirilmiş neft qaz (LPG) saxlamaq tutumuna malikdir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev isə deyib ki, SOCAR “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərini sərfəli şərtlərlə almaq niyyətindədir və ekspertlər bununla bağlı iş aparırlar.
Qeyd edək ki, “OMV” şirkəti bu ilin fevralında “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin hamısını satışa çıxarıb. Şirkətdən edilən şərhdə “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin 100 faizinin satılması üçün bəzi şirkətlərlə danışıqlar aparıldığı bildirilib. “OMV” 1785 “Petrol Ofisi” adlı yanacaqdoldurma şəbəkəsi ilə Türkiyə bazarının lideridir. Şirkət keçən il Türkiyədə 10 milyon tonluq satış reallaşdırdığını açıqlayıb. “OMV” “Petrol Ofisi”ni 2010-cu ildə 1 milyard avroya “Doğan Holdinq”dən alıb.
“Petrol Ofisi” təxminən 2 minədək yanacaqdoldurma stansiyası, bir yağ fabriki, 11 maye yanacaq, 3 LPG dolum terminalı, 19 aerodrom modulu və təxminən 1,17 milyon kubmetrdən çox saxlama tutumu ilə fəaliyyət göstərərək Türkiyənin maye yanacaq sektorunda ən böyük ikinci özəl şirkətidir.