ELM VƏ TƏHSİL
BSU-da Respublika Günü qeyd olunub
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Bakı Slavyan Universitetində (BSU) 28 May - Respublika Gününə həsr olunan tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev Xalq Cümhuriyyətinin (AXC) tarixi, 23 ay ərzində qəbul olunan mühüm qərarlardan söz açıb. Rektor müsəlman aləmində ilk demokratik respublika olan AXC-nin dövlətçilik tariximizdə xüsusi yeri olduğunu və tariximizin bu mərhələsinə siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirib. Dövlət müstəqilliyimizin qorunmasını və əbədiliyini təmin edən Ulu Öndərin dövlətçilik siyasətindən danışan A.Hacıyev ölkəmizin bugünkü inkişafının və beynəlxalq miqyasda artan nüfuzunun Heydər Əliyev siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin siyasi fəaliyyəti, milli təəssübkeşliyi və qətiyyəti hesabına mümkün olduğunu vurğulayıb.
Digər çıxış edənlər də Azərbaycanın beynəlxalq aləmdə dinamik inkişafı barədə danışıblar. AXC-nin Azərbaycan tarixində qoyduğu izlərdən, Şərq aləminə gətirdiyi yeniliklərdən söz açan natiqlər müstəqilliyimizin əbədi olduğunu bildiriblər.