CƏMİYYƏT


BSU ilə Polşanın elmi dairələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Polşanın “Adam Marşalek” adına Nəşriyyat Holdinqinin prezidenti Adam Marşalek ilə görüşüb.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə N.Əliyeva Azərbaycan ilə Polşa arasındakı dostluq münasibətlərinin tarixindən, inkişaf yolundan və perspektivlərindən söhbət açıb. Diqqətə çatdırılıb ki, vaxtilə Abbasqulu ağa Bakıxanovun Polşada olması, İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsərinin ilk dəfə bu ölkədə çap etdirilməsi tarixi ənənələrimizin bariz nümunəsidir.

Söhbət zamanı A.Marşalek rəhbərlik etdiyi qurumun BSU ilə dərin əlaqələrinin olduğunu, müxtəlif illərdə birgə elmi konfransların keçirildiyini, Polşadakı elmi məcmuələrdə bu ali təhsil ocağının alimlərinin əsərlərinin çap olunduğunu xatırladıb. O, ikitərəfli əlaqələri daha da inkişaf etdirmək, eləcə də holdinq ilə BSU arasında imzalanmış üçillik müqaviləni yeniləmək məqsədilə bu ali təhsil ocağına gəldiyini bildirib.

Yaradıcılıq əlaqələrinin inkişafına, azərbaycanlı alimlərin əsərlərinin Polşada çapına və tələbələr üçün bu ölkədə yaradılan şəraitə görə minnətdarlığını bildirən BSU-nun rektoru deyib: “İnanıram ki, sizin bu xeyirxah təşəbbüsünüz davamlı olacaq və BSU ilə “Adam Marşalek” adına Nəşriyyat Holdinqi arasında münasibətlər daha da genişlənəcək”.

Qeyd edək ki, müqaviləyə əsasən Adam Marşalek və Nikolay Kopernik adına Universitetin keçmiş rektoru, professor Andjey Rasminskinin təşəbbüsü ilə hər il BSU-nun beş tələbəsi Polşada ödənişsiz əsaslarla magistratura pilləsində təhsil ala bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.