CƏMİYYƏT
BSU ilə Yunis Əmrə İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Türkiyənin Yunis Əmrə İnstitutunun Bakı ofisinin rəhbəri İbrahim Yıldırım və institutun təhsil üzrə əlaqələndiricisi Ali İshan Çevik ilə görüşüb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə N.Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, BSU-nun Türkiyənin qabaqcıl universitetləri ilə birgə həyata keçirdiyi layihələr, elmi araşdırmalar barədə məlumat verib.
Sonra rektor BSU-dakı Türkiyə Araşdırmaları Mərkəzinin fəaliyyətindən danışıb və iki qardaş ölkə arasındakı dostluq münasibətlərinin bundan sonra daha da möhkəmlənməsi üçün bu ali təhsil ocağında türkiyəşünaslıq üzrə kadrlar hazırlanmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
İ.Yıldırım azərbaycanlı tələbələrin Türkiyədə təhsil almasının ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm rolunu qeyd edib. BSU-nun beynəlxalq əlaqələrini, buradakı təhsil sistemini yüksək dəyərləndirən qonaq Yunis Əmrə İnstitutu tərəfindən Bakıda təşkil olunan hazırlıq kurslarından da söz açıb və həmin kursların Bakı Slavyan Universitetində də keçirilməsi təklifini irəli sürüb.
Qonağın təklifi universitet rəhbərliyi tərəfindən müsbət qarşılanıb.