İQTİSADİYYAT
BTC ilə nəql edilən xam neft 2,5 milyard barreli keçib
Bakı, 10 noyabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarına çatdıran Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin (BTC) son dayanacağı olan Adananın Ceyhan mahalındakı Heydər Əliyev Dəniz Terminalından 2006-cı ildən etibarən bu il sentyabrın sonunadək 2 milyard 577 milyon 923 min barrel xam neft nəql edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Botaş” şirkətinin məlumatında deyilir. “Əsrin enerji layihəsi” adlandırılan və rəsmi açılışı 2006-cı il iyulun 13-də keçirilən BTC kəməri ilə Heydər Əliyev Dəniz Terminalından indiyədək 3 mindən çox tankerlə dünya bazarına xam neft göndərilib.
BTC kəmərinin Türkiyə tərəfini işlədən “BOTAŞ International Ltd. Ko” şirkəti tankerlərlə ixrac etdiyi xam neftdən ən çox yükləmənin 286 milyon 214 min barrel olmaqla 2010-cu ildə, ən az yükləmənin isə 57 milyon 78 min barrel olmaqla 2006-cı ildə həyata keçirib. BTC istifadəyə verildiyi tarixdən bu ilin sentyabr ayına qədər 3 mindən çox tankerlə 2 milyard 577 milyon 923 min barrel xam neft daşınıb.
Bu ilin yanvar-sentyabr aylarında isə BTC ilə 194 milyon 727 min barrel neft nəql edilib.
Qeyd edək ki, uzunluğu 1776 kilometr olan və 1076 kilometri Türkiyədən keçən boru kəməri ilə Heydər Əliyev Dəniz Terminalına çatdırılan xam neft buradan BTC-nin Türkiyədəki hissəsinin işlədən “BOTAŞ International Ltd. Ko.” şirkəti tərəfindən tankerlərlə dünya bazarına ixrac edilir. Burada hər biri 100 metr diametrə, 20 metr hündürlüyə və bir milyon barrel saxlama tutumuna sahib 7 neft anbarı var.