SİYASƏT
BUXARA VİLAYƏTİNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ YARADILMIŞDIR
Özbəkistanın Buxara vilayətində Azərbaycan mədəniyyət mərkəzi yaradılmışdır. AZƏRTAC-ın müxbirinə demişlər ki, bu münasibətlə keçirilən təsis konfransında vilayətdəki Azərbaycan diasporunun nümayəndələri, həmçinin Daşkənddə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının icraçı direktoru Nadir Əliyev iştirak etmişlər.
Konfransda Nadir Əliyev çıxış edərək belə bir mərkəzin yaradılması zəruriliyini Buxara vilayətində üç minə yaxın soydaşımız yaşaması ilə əlaqələndirmişdir. Çıxış edən digər nümayəndələr də yeni mədəniyyət mərkəzinə xeyir-dua vermiş, təkliflərini söyləmişlər.
Sonra vilayətdəki Kaqan şəhər hakimiyyətində mədəniyyət şöbəsinin müdiri işləyən Teyyub Qasımov Buxaradakı Azərbaycan mədəniyyət mərkəzinin sədri seçilmişdir.
Teyyub Qasımov demişdir ki, mədəniyyət mərkəzinin yaxşı işləməsi üçün nə lazımsa edəcəkdir. Bunun üçün o, soydaşlarımızın köməyinə də ehtiyac olduğunu bildirmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Buxara