MƏDƏNİYYƏT
BUXARESTDƏ ELÇİNİN KİTABI NƏŞR OLUNUB
AZƏRTAC xəbər verir ki, bu günlərdə xalq yazıçısı Elçinin Buxarestin “Paideia” nəşriyyatında rumın dilində “Teatr” adlı yeni kitabı çapdan çıxmışdır. Kitaba müəllifin “Poçt şöbəsində xəyal” və “Mənim ərim dəlidir” adlı məşhur pyesləri daxil edilmişdir. Hər iki əsəri görkəmli rumın dramaturqu və sənətşünası Dmitri Balan tərcümə etmiş və kitaba Elçinin yaradıcılığı haqqında geniş ön söz yazmışdır. Dmitri Balan Elçini “dünya əhəmiyyətli milli yazıçı” adlandıraraq, onun yaradıcılığını müasir dünya ədəbiyyatının layiqli nümunələri kimi təhlil edir, ədibin pyesləri ilə dünya dramaturqlarının əsərləri arasında paralellər apararaq, “Elçin teatrı”nın bədii estetik keyfiyyətlərini açıb göstərir. D. Balan yaxın günlərdə Elçinin nəsr əsərlərindən ibarət bircildliyinin rumın dilində işıq üzü görəcəyini də xəbər verir və belə bir inamını bildirir ki, bu əsərlər rumın oxucularının mənəvi və estetik dünyasını zənginləşdirəcəkdir.