ELM VƏ TƏHSİL


BXA nəzdində İncəsənət Kolleci fəaliyyətini dövrün tələblərinə uyğun qurub

Bakı, 20 iyun, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyası Prezident İlham Əliyevin 2014-cü il 30 aprel tarixli Sərəncamı ilə yaradılıb və ümumi, orta ixtisas, tam orta, ali və əlavə təhsil proqramlarını həyata keçirən çoxpilləli təhsil kompleksidir. Akademiyanın nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci orta ixtisas təhsil proqramını həyata keçirir.

Kollecin əsas məqsədi bədii təhsilin müasir standartlara uyğun təşkil olunmasına, orta ixtisas təhsil pilləsi səviyyəsində mükəmməl mütəxəssislərin hazırlanmasına nail olmaqdır. Buna görə kollec həm tədrisdə, həm də gənc nəslin tərbiyəsində öz fəaliyyətini dövrün tələblərinə, dövlətin müəyyən etdiyi çağdaş təhsil standartlarına uyğun qurub. Bunun üçün kollecdəki tədris prosesinə yüksək ixtisaslı müəllimlər, əməkdar müəllimlər, xalq artistləri və əməkdar artistlər cəlb olunub.

Bu barədə AZƏRTAC-a Bakı Xoreoqrafiya Akademiyası (BXA) nəzdində İncəsənət Kollecinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Aynur Hüseynova məlumat verib.

Onun sözlərinə görə, kollecin tələbələri həm təhsil, həm sənət, həm də ictimai fəallıq baxımından mütərəqqi düşüncəli gənclərdir. Onların sırasında gələcəyin parlaq rəqs ulduzları, rəqs və musiqi müəllimləri, pedaqoqlar, konsertmeysterlər, klassik və xalq çalğı alətləri üzrə ifaçılar, qabaqcıl menecerlər də vardır. Tələbələr müxtəlif dövlət və beynəlxalq səviyyəli tədbirlərdə çıxış edir, xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Kollec tələbələrinin ən son uğurlarından biri Milli İncəsənət Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş musiqili-bədii gecədə çıxışları olub.

A.Hüseynova bildirib ki, bununla yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının bakalavr pilləsində olan ixtisaslar kollec qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrin əsas mahiyyəti ali təhsildə olan ixtisaslar üçün artıq orta ixtisas təhsil pilləsində baza yaratmaqdan ibarətdir. Bunun üçün son iki il ərzində kollec bu istiqamətdə məqsədyönlü şəkildə xeyli işlər və tədbirlər görüb. Bu işlərdən ən mühümü isə 2017/2018-ci tədris ilindən etibarən kollecdə xoreoqrafiya sənəti ilə yanaşı, instrumental ifaçılıq, xalq çalğı alətləri ifaçılığı, rəqs və musiqi müəllimliyi, menecment ixtisasları üzrə kadr hazırlığına başlanılmasıdır. Bakı Xoreoqrafiya Akademiyası unikal təhsil kompleksi olduğuna görə burada kadr hazırlığı, ilk növbədə, təhsil ocağının özü üçün vacibdir və müvafiq ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsi məqsədi daşıyır. Bu, peşəkarlıq nöqteyi-nəzərdən mühüm amil kimi varislik prinsipinə uyğun fasiləsiz təhsilin təmin olunmasına hesablanıb.

“Kollecimizin xalq şöbəsinin tələbə məzunları mayın 24-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində “Səmayi şəms” rəqs-tamaşasını təqdim etdi. Tamaşa, həm də Azərbaycan Respublikasında “İslam həmrəyliyi İli”nə həsr olunmuş layihələrdən biridir. Tələbələrimiz səhnədə Azərbaycan, Türkiyə, İran, Misir, Qazaxıstan, Özbəkistan, Tacikistan, və digər müsəlman ölkələrinə məxsus milli rəqslərdən ibarət vahid ssenari üzrə rəqs-tamaşa nümayiş etdirdilər. Mayın 30-da isə kollecin klassik şöbəsinin tələbə məzunları bu təhsil ocağının 90 illik tarixi ərzində ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletini nümayiş etdiriblər”, - deyə kollecin direktoru bildirib.

Cari tədris ilinin sonunda kollecin ilk buraxılışı olub. Kolleci bitirən məzunların əksəriyyəti təhsillərini Bakı Xoreoqrafiya Akademiyasının bakalavr pilləsində davam etdirmək, bəziləri isə aldıqları orta ixtisas təhsili ilə müxtəlif mədəniyyət ocaqlarında və digər aidiyyəti müəssisələrdə əmək fəaliyyətinə başlamaq niyyətindir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.