REGİONLAR


Babək rayonunda quruculuq işlərinin həcmi ildən-ilə genişlənir

Babək, 19 iyun, AZƏRTAC

Muxtar respublikanın iri yaşayış məntəqələrindən olan Babək rayonu görkəmini başdan-başa dəyişib. Hər il rayonun qəsəbə və kəndlərində infrastruktur yenilənir, yeni yollar salınır, körpülər tikilir. İnsanların rahatlığına xidmət edən bu tədbirlər cari ildə də davam etdirilir.

AZƏRTAC xəbər verir ki, cari ilin may ayından rayonun ucqar dağ və sərhəd kəndi olan Gərməçataq kəndində tam orta məktəbin əsaslı yenidən qurulmasına başlanılıb. Təmirdən sonra məktəbdə kompüter və şahmat sinifləri də fəaliyyət göstərəcək. Ümumilikdə isə 16 sinif otağı kollektivin ixtiyarına veriləcək. Görülən işlər təhsil ocağı ilə məhdudlaşmır. İkimərtəbəli kənd mərkəzində isə dövlət qurumlarının səmərəli fəaliyyəti üçün müasir iş şəraiti yaradılacaq. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə sakinlərin ərzaq və sənaye mallarına olan tələbatı məhz bu məkanda ödəniləcək. Bundan başqa, kənddaxili yollar da abadlaşdırılacaq, rabitə və elektrik xətləri yenilənəcək.

Rayonun digər bir ucqar kəndi olan Payızda isə tam orta məktəb binası əsaslı şəkildə yenidən qurulur, kənd və xidmət mərkəzləri, su dəyirmanı inşa olunur, digər abadlıq işləri aparılır. Kəndin gələcək inkişaf perspektivi nəzərə alınaraq məktəb 234 şagird yerlik tikilir. Burada 13 sinif otağı, müxtəlif laboratoriyalar, kompüter otağı, elektron lövhəli siniflər, şahmat sinfi, hərbi kabinə, kitabxana, idman zalı yaradılacaq. Bu yaşayış məntəqəsində ikimərtəbəli kənd mərkəzi də inşa olunur. Kəndi iki yerə ayıran Cəhriçayın üzərindəki körpü təmir edilir, çayın kənarlarında istinad divarları tikilir və sahilbərkitmə işləri aparılır. Vaxtilə kənddə mövcud olmuş, sonralar isə sıradan çıxmış su dəyirmanının yerində yenisi inşa edilir.

Şıxmahmud-Xəlilli kəndlərini Naxçıvan şəhərinin Xətai məhəlləsinə birləşdirən yolda isə yenidənqurma işlərinə başlanılıb. 10 kilometrə yaxın olan yolun hərəkət hissəsi genişləndirilir. Yeni çəkilən yolun eni 7 metr olacaq.

Rayonun ən böyük kəndi olan Nehrəm də bu gün əsl quruculuq meydançasına çevrilib. Belə ki, tarixin yadigarı olan “İmamzadə” türbəsində bu ilin may ayından etibarən təmir-bərpa işləri başlayıb. Bərpa işlərindən sonra milli memarlıq quruluşu ilə göz oxşayacaq türbənin ətrafında yaşıllıq salınacaq, işıqlandırma sistemləri quraşdırılacaq. Sakinlər “İmamzadə”nin bərpasını dünya mədəniyyətinə, ümumilikdə, bəşər sivilizasiyasına verilən töhfə kimi dəyərləndirirlər. Görülən işlər kəndin mərkəzində yeni salınan istirahət parkında da davam etdirilir. Burada müasir işıqlandırma sistemi qurulacaq, yaşıllıq salınacaq, oturacaqlar qoyulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.