REGİONLAR


Babək rayonunda sığorta işinin vəziyyəti müzakirə edilib

Babək, 24 iyul, AZƏRTAC

Muxtar respublikanın Babək rayonu üzrə cari ilin ilk 6 ayında, ümumilikdə, 6 min 724 sığorta müqaviləsi bağlanılıb. Onlardan 835-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə, 2148-i isə daşınmaz əmlakın icbari sığortası üzrə olub.

AZƏRTAC xəbər verir ki, bu faktlar Babək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək, rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb.

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov müasir dövrdə muxtar respublikanın sosial-iqtisadi inkişafında sığortanın əhəmiyyətindən bəhs edib. Baş direktor bildirib ki, müxtəlif gözlənilməz hadisələr nəticəsində yaranan maddi zərərlərin əvəzinin ödənilməsində sığorta mühüm əhəmiyyət daşıyır. Belə ki, vətəndaşlar vaxtında daşınmaz əmlakını, avtonəqliyyat vasitəsini, mülki məsuliyyətini icbari qaydada sığortalamaqla gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərin ödənilməsinə təminat alırlar.

Çıxışda, həmçinin könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Qeyd olunub ki, kənd təsərrüfatı sığortası ilə yanaşı, ev əmlakının sığortası, fərdi qəza sığortası və digər könüllü sığortaların inkişafı, son nəticədə vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Tədbirdə Babək Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Tural Abuzərov, rayon Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Yaşar Mustafayev, rayon Dövlət Sığorta Agentliyinin direktoru Nurlan Səfərov icbari sığortalar sahəsində görülmüş işlərin vəziyyəti barədə məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.