REGİONLAR
Babək rayonunda voleybol üzrə rayon turnirinə yekun vurulub
Babək, 30 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə muxtar respublikanın Babək rayon ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən voleybol turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnir Babək Rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Babək rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.
Babək qəsəbə 1 nömrəli tam orta məktəbdə təşkil olunan yarış başlamazdan əvvəl rayon Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanlı və rayon Təhsil Şöbəsinin əməkdaşı Rüstəm Bağırov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şagirdləri təbrik edib, muxtar respublikada voleybol idman növünün inkişafından, daha da kütləvi hal alması üçün görülən işlərdən bəhs edib və iştirakçı komandalara uğurlar arzulayıblar.
Yarışın baş hakimi Abbasəli Ələsgərov komandalara yarışın qaydaları haqqında məlumat verdikdən sonra turnirə start verilib.
Turnirin yekun nəticəsinə əsasən I yerə Sirab, II yerə Kərimbəyli, III yerə isə Zeynəddin kənd tam orta məktəblərinin komandaları layiq görülüb.
Qalib komandalara təşkilatçılar tərəfindən diplom və kuboklar təqdim edilib.