SİYASƏT
Babək rayonunda yeni üzümçülük təsərrüfatı yaradılıb
Babək, 5 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının təbii-iqlim şəraiti üzümçülüyün inkişaf etdirilərək istehsalının artırılmasına, əhalinin müxtəlif çeşidli və yüksək keyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Hazırda iqtisadi səmərəlilik baxımından gəlirli sahələrdən olan üzümçülüyün inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Ölkəmizdə və muxtar respublikada qəbul edilən dövlət proqramlarına uyğun olaraq həyata keçirilən tədbirlər yeni üzümçülük təsərrüfatlarının yaradılmasına və üzümçülüklə məşğul olan sahibkarların sayının artmasına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək rayonunun Nehrəm kəndində yaradılan üzümçülük təsərrüfatına baxıb.
Məlumat verilib ki, üzümçülük təsərrüfatının yaradılmasına 2015-ci ildə başlanıb. Ərazidə yerli sortlarla yanaşı, İtaliya, Fransa, Türkiyə və Özbəkistan mənşəli 10 məhsuldar üzüm sortu əkilib. 150 hektar ərazidə ümumilikdə 326 mindən artıq üzüm tingi əkilib, ərazinin torpaq-iqlim şəraiti nəzərə alınmaqla lazımi aqrotexniki tədbirlər həyata keçirilib. İstehsal prosesində innovativ texnologiyalar tətbiq olunur.
Becərmə və yığım işlərini aparmaq üçün xüsusi texnikalar alınıb, ərazidə inzibati və yardımçı binalar, nasos stansiyası tikilib, 50 kilometrdən artıq damcılı suvarma şəbəkəsi qurulub. Gələcəkdə ərazidə soyuducu anbarın inşa olunması da nəzərdə tutulub. Bütün bunlar isə daxili bazarın tələbatını ödəyən və yüksək ixrac potensialına malik keyfiyyətli məhsul istehsalına imkan verəcəkdir.
Təsərrüfatın ərazisində üzümlə yanaşı, digər meyvələrin əkininə də diqqət yetirilir. Hazırda 25 hektar sahədə 50 mindən artıq məhsuldar alma tingləri əkilib. Nehrəm Üzümçülük Təsərrüfatında 140 kənd sakini işlə təmin olunub.
Ali Məclisin Sədri kənd təsərrüfatının inkişafında rentabelli işləyən təsərrüfatların yaradılmasının əhəmiyyətini vurğulayıb, üzümçülük təsərrüfatının yaradılmasında əməyi olanlara təşəkkür edib, müvafiq tapşırıq və tövsiyələrini verib.