REGİONLAR


Babəkin Qaraqala kəndində yaradılan tingçilik təsərrüfatı genişləndirilir

Babək, 26 may, AZƏRTAC

Son illər muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməklə yanaşı, məşğulluğun təmin edilməsinə də stimul verib. Bu sahədə aparılan ardıcıl tədbirlər hesabına yeni meyvə bağları salınır, təsərrüfatların fəaliyyəti genişlənir.

Muxtar respublikanın Babək rayonunda mövcud olan tingçilik təsərrüfatlarından biri də Qaraqala kəndində yaşayan fiziki şəxs Faiq Bayramova aiddir. Artıq 3 ildir ki, bu sahə ilə məşğul olan torpaq mülkiyyətçisi muxtar respublikanın Sahibkarlığa Kömək Fondundan 30 min manat kredit götürərək geniş tingçilik təsərrüfatı yaradıb. İcarəyə götürdüyü 5 hektarlıq ərazidə müxtəlif növ meyvə tingləri yetişdirən sahibkar bu işdən yaxşı gəlir əldə edir. Faiq Bayramovun sözlərinə görə, ötən il 18 minə yaxın ting satılıb və onların qiyməti növlərindən asılı olaraq 3-5 manat arasında dəyişir.

Bu təsərrüfatın yaradılması muxtar respublikada aparılan yaşıllaşdırma tədbirlərinə töhfə verməklə yanaşı, xaricdən Naxçıvana ting idxalını da azaldıb. Bağda alma, ərik, gilas, badam, armud, şaftalı, göycə və digər meyvə tingləri olmaqla, 60-a yaxın meyvə tingi, o cümlədən Abutalıbı əriyi, Əndəmic və Bənəniyar heyvası, Kükü alması, Naxçıvan göycəsi, eləcə də digər məşhur yerli sortlar yetişdirilir. Həmçinin sahibkar qonşu Türkiyə və İrandan da meyvə tingləri gətirib, yerli torpaq-iqlim şəraitinə uyğunlaşdıraraq çoxaldıb.

F.Bayramov böyük ərazidə saldığı üzüm bağında da Naxçıvanın məşhur üzüm sortlarını yetişdirir. Bağın suvarılması üçün heç bir çətinlik yoxdur. Heydər Əliyev Su Anbarının sol sahil kanalı təsərrüfatın yaxınlığında yerləşdiyi üçün suvarma da vaxtında və mütəşəkkilliklə aparılır.

Müsahibimiz bizi yeni saldığı cəviz bağı ilə də tanış etdi. Burada “İsrail sortu” adı ilə tanınan cəviz tingləri salınıb. Həmin sortlar məhsuldarlıq baxımından olduqca əlverişli hesab edilir. Belə ki, əgər yerli cəviz sortları 6-7 ilə məhsul verirsə, yeni salınan tinglər 2-3 ildən sonra bara dolur. Bu barədə danışan F.Bayramov deyir ki, iqtisadi baxımdan olduqca səmərəli olan cəvizə muxtar respublikanın dağ kəndlərində əsl ruzi mənbəyi kimi baxırlar. Sevindirici haldır ki, dövlət tərəfindən bu bağların salınmasına lazımi miqdarda vəsait ayrılır.

Göründüyü kimi, əlverişli sahibkarlıq mühitindən yararlanan hər kəs, sözün həqiqi mənasında, sahibkar adını qazana bilər. Bir də zəhmət bataqlıqda gül də bitirər, – deyiblər. İllər öncə bir parça çörək üçün yaxın-uzaq ellərə üz tutanlar bu gün torpağının qədir-qiymətini bilərək onun həqiqi sahiblərinə çevriliblər.

AZƏRTAC –ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.