İDMAN
“Bacarmayanların naminə qaç” devizi altında 35 ölkədə yürüş keçirilmişdir VİDEO
Tbilisi, 5 may (AZƏRTAC, Raisə Abbasova). Mayın 4-də Gürcüstanda “Həyat üçün qanadlar” dünya qaçışı layihəsinin rəhbəri, britaniyalı Olimpiya medalçısı Kolin Ceksonun təşkilatçılığı ilə “Bacarmayanların naminə qaç” devizi altında yürüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, marafon dünyanın 6 qitəsinin 35 ölkəsində, 37 fərqli istiqamətdə təşkil olunmuşdur.
“Bacarmayanların naminə qaç” devizi altında keçirilən marafon “Həyat üçün qanadlar” dünya qaçışı layihəsi çərçivəsində onurğa beyni tədqiqatlarının gücləndirilməsi üçün təşkil olunmuş və bütün dünyada Qrinviç vaxtı ilə səhər saat 10:00-da vahid bir zamanda başlamışdır.
Bu isə o deməkdir ki, yürüş iştirakçıları sübhdən qürubadək və ya qürubdan sübhədək qaçmışlar. Bu dünyəvi yarışın əsas özəlliyi ondadır ki, insanların finiş xəttinə qədər qaçmasının əvəzinə finiş xətti onların ardınca yürümüşdür. Sonuncu qadın və sonuncu kişi iştirakçısı qalib elan olunmuşdur.
Azərbaycanı bu yarışda 32 yaşlı idmançı Artyom Əliyev təmsil etmişdir.
Tarixdə ilk və yeganə qlobal dözümlülük yarışı özündə dünyanın bir tərəfində səhranı qət etmək, digər tərəfində ölkənin mənzərəli yerlərindən keçmək, başqa bir hissəsində isə dəniz kənarından qaçmaq kimi təzadlı və maraqlı marşrutları birləşdirmişdir.
Başlanğıc vaxtı Koreya Respublikası, Yeni Zelandiya və Avstraliyada idmançılar üçün xüsusi çətinlik yaratmışdır. Onlar qaçmağa gündüz başlayıb, gecə davam etdirmişlər.
Bundan əlavə, Amerika Birləşmiş Ştatlarının qərb sahillərində yarışçılar gecədən sübhədək qaçmışlar. Avstraliyada və Yeni Zelandiyadakı bəzi idmançılar bütün gecəni yürümüşlər.
Marafonda kişilər arasında 53 kilometr məsafə üzrə gürcüstanlı idmançı Anatoli Oleynik qalib olmuşdur. Qadınlar arasında isə 25 kilometr nəticə ilə Mariel Karmagol (Gürcüstan) lider olmuşdur.
Qeyd edək ki, layihədən əldə olunan bütün vəsaitlər zədələnmiş onurğa beyninin bərpası ilə bağlı elmi-tədqiqatların inkişafına sərf olunacaqdır.