MƏDƏNİYYƏT
“Baddi ayısı” Bakıda
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da “Kapellhaus”da Almaniyanın Bakıdakı səfirliyinin, Azərbaycan Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə “Baddi ayısı” müsabiqəsinin mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Almaniyanın Bakıdakı səfiri xanım Haydrun Tempel çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, Baddi ayısı Berlin şəhərinin rəmzidir və hazırda dünyanın bir çox ölkələrində orijinal sənət əsəri kimi nümayiş olunur. Bunun Bakıda da həyata keçirilməsi planlaşdırılır. Müsabiqənin keçən il noyabrın 5-də başlandığını diqqətə çatdıran səfir qeyd edib ki, layihəyə ümumilikdə 35 tələbənin əl işi təqdim olunub. Bildirilib ki, həmin rəsm əsərləri arasından üç tələbənin əl işi münsiflər tərəfindən seçilib.
Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov bu layihənin həyata keçirilməsinin iki ölkə arasında mədəni əməkdaşlığa daha böyük töhfə verəcəyini deyib. Layihənin həyata keçirilməsində əməyi olanlara təşəkkürünü bildirən Ö.Eldarov qalibləri təbrik edib, uğurlar arzulayıb.
Daha sonra H.Tempel qaliblərin adlarını açıqlayıb. Birinci yerə Rəssamlıq Akademiyasının tələbəsi Gülər Haşımovanın əl işi layiq görülüb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq, Nərmin Hümbətova və Fatimə İmanova tutublar.
Müsabiqədə qalib gələn rəssam hündürlüyü 2 metr, uzunluğu 120 santimetr, eni 80 santimetr və çəkisi 50 kiloqram olan Baddi ayısını rəngləyəcək. Rənglənmiş heykəlin Bakıda “ISR Plaza”nın önündə qoyulması nəzərdə tutulur.