REGİONLAR


Bağban: Fındıq əkin, xeyrini görərsiz

A+ A

Prezident İlham Əliyevin fındıqçılığın inkişafı ilə bağlı tövsiyələri İsmayıllı fermerləri tərəfindən maraqla qarşılanıb

İsmayıllı, 16 avqust, Adil Ağayev, AZƏRTAC

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, bu məqsədlə ayrı-ayrı bölgələrdə potensial imkanların araşdırılması və onlardan səmərəli istifadə edilməsi, xüsusən əhalinin daha çox məşğul olduğu sənaye və kənd təsərrüfatı sahələrində ardıcıl və məqsədyönlü islahatların aparılması artıq öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin bölgələrə mütəmadi və planlı səfərləri məhz bu ehtiyatların üzə çıxarılması, ondan səmərəli istifadə istiqamətlərinin konkretləşdirilməsində xüsusi əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısının avqustun 10-da İsmayıllıya növbəti səfəri də bu baxımdan bölgə üçün tarixi əhəmiyyət daşıyır. Səfər çərçivəsində “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışı zamanı rayon ictimaiyyəti ilə görüşündə Prezident İlham Əliyev diqqəti heyvandarlığın, turizmin, xalçaçılığın və bəzi digər sahələrin inkişaf istiqamətləri ilə yanaşı, bölgədə ənənəvi sahə olan və bu gün o qədər də əhəmiyyət verilməyən fındıqçılığa cəlb edərək deyib: “Statistikaya nəzər salsaq görərik ki, fındıq kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən məhsuldur. Ona görə də kütləvi şəkildə fındıq bağları salınmalıdır. İsmayıllıda bu, o qədər də geniş vüsət almayıb. Burada minlərlə hektar sahədə fındıq əkilməlidir, çünki iqlim də, torpaq da buna imkan verir. Fındıq əkənlər bundan xeyli fayda götürəcəklər, onlara böyük miqdarda pul gələcək, həm də ixrac edəcəklər”.

Səfərdən dərhal sonra rayonda keçirilən müşavirədə yerli mütəxəssislər, bağbanlar bu gün cəmi 87 hektar olan fındıq bağlarının sahəsinin yaxın illərdə 2000 hektara, məhsul istehsalının isə 4000 tona çatdırılması üçün hər cür imkan və şəraitin olduğu qənaətinə gəliblər. Hazırda bu istiqamətdə tədbirlərə start verilib.

Təcrübəli bağban Akif Əsədov AZƏRTAC-ın müxbiri ilə söhbətində dövlətimizin başçısının fındıqçılığın inkişafı ilə bağlı tövsiyələrinin fermerlər tərəfindən maraqla qarşılanmasından bəhs edərək deyib: “Fındığa bu gün yerli bazarlarda ehtiyac heç də az deyil. Prezidentimiz fındığı xaricə də satmaq imkanlarının olduğunu bildirib. Daha nə gözləməliyik?! Qolumuzu çırmalayıb ailə büdcəmizə böyük gəlir gətirəcək bu sahə ilə ciddi məşğul olmalıyıq. Fındıq bağlarını artırmalıyıq ki, çoxlu gəlir götürək. Mən bağbanam. Bir hektar fındıq bağım var. Bir mütəxəssis kimi yeni fındıq bağları salmaq üçün hər gün mənə müraciətlər olur. İmkanım daxilində bu müraciətləri qəbul edirəm. Bizim torpaqlarda gözəl fındıq bağları salmaq üçün hər cür imkan və şərait var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.