REGİONLAR
Bağban: Kənd təsərrüfatında qiymət artımından danışmaq yersizdir
Quba, 17 iyul, Elxan Yusifli, AZƏRTAC
Alma bağlarımızda məhsul bol olacaq. İndidən meyvənin satışı haqqında düşünürük. Məhsulumuzu xarici bazara çıxara bilsək, yaxşı gəlir əldə edəcəyik. Alma bağlarının becərilməsində istifadə olunan kənd təsərrüfatı texnikalarının hamısı dizel yanacağı ilə işləyir. Şumlamadan başlayaraq, dərman səpilməsinə qədər. Ona görə də “Aİ-92” markalı avtomobil benzininin qiymətinin tənzimlənməsi bizim işimizə təsir göstərməyəcək. Bu sahədə hansısa işbazlar fürsətdən istifadə edib öz mənfəətləri üçün xidmətlərinin qiymətini artırmaq istəyərsə əminəm ki, qarşılarında müvafiq dövlət qurumlarını görəcək.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində qubalı təsərrüfatçı, bağban Abbasqulu Səfərov söyləyib.
A.Səfərov bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalında zərərverici və xəstəliklərə qarşı mübarizədə istifadə olunan pestisidlərə, eləcə də mineral gübrələrə yanacaqdan daha çox vəsait sərf olunur. Nəzərə almaq lazımdır ki, dövlət tərəfindən təsərrüfatçılara əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə yardım edilir. Habelə istehsalçılara satılan mineral gübrələr, pestisidlər də güzəştli şərtlərlə təqdim olunur. Buna görə də benzinin qiymətinin tənzimlənməsi ilə əlaqədar olaraq kənd təsərrüfatında qiymət artımından danışmaq yersizdir. Əksinə, son illər istehsalçılar alma, eləcə də digər meyvə bağlarında mütərəqqi üsullar, intensiv bağçılıq metodları tətbiq edərək, daha çox məhsuldarlığa nail olublar. Bu da qiymətlərin ucuzlaşması ilə nəticələnib.