REGİONLAR
Bağçılıqla məşğul olan sahibkarların təklifləri dinlənilib
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının təşkilatçılığı ilə aparıcı bağçıların görüşü keçirilib.
Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, qurumun sədri Bəşir Quliyev və icraçı direktor Elnur İslamov çıxış edərək dövlətimizin başçısının aqrar sektora göstərdiyi diqqət və qayğı, aparılan islahatların müsbət nəticələri və aidiyyəti dövlət qurumları ilə həyata keçirilən sıx əməkdaşlıq barədə məlumat veriblər. Həmçinin Assosiasiyanın istehsalçılar və dövlət qurumları ilə əlaqələndirici funksiyasından söz açılıb.
Görüşdə bağçılıq sahəsinin mövcud vəziyyəti, perspektivlər, bəzi yerli məhsullar üzrə milli genofondun yaradılması ilə yanaşı, yerli iqlimə uyğunlaşdırılmış tinglərlə bağlı faydalı bilik və təcrübə mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Eyni zamanda, məhsulların uzun müddətə saxlanması sayəsində innovativ həll təklif edən Türkiyənin “Aypek Paketləmə” şirkətinin nümayəndəsi tərəfindən meyvələrin nəqliyyat vasitələrində daşınması zamanı istifadə olunan və 15-28 gün məhsulun keyfiyyətini qoruyan Amerika patentli “Smart Pack” texnologiyası ilə hazırlanan paketlər nümayiş etdirilib.
Görüşdə bəzi bağçılıq sahələrinin xüsusiyyətləri nəzərə alınaraq, müvafiq kənd təsərrüfatı texnikaları ilə təminat, kiçik istehsalçıların saxlama anbarları və gübrə idxalı ilə məşğul olan şirkətlərlə bağlı təklifləri, ərəb ölkələrinə ixracın artırılması istiqamətində İran logistika şirkətləri ilə əməkdaşlıq imkanları və məhsul emalı ilə bağlı vergi qanunvericiliyində olan məsələlər ətrafında müzakirələr aparılıb. Zeytun, badam, feyxoa və çay kimi ixrac potensialı böyük olan məhsulların istehsalı və satış imkanlarına dair müvafiq təkliflər səsləndirilib.
Görüşdə İqtisadiyyat Nazirliyinin nümayəndələri, “Soyuzaqrokontrakt” MMC, "D.Fruits KT" MMC, “Amoris” MMC, "Aqrovest Limited" MMC, "Aznar" QSC, "Astara bağları" MMC", “3 MS ltd" MMC kimi iri istehsalçılar, fərdi qaydada intensiv bağçılıqla məşğul olan sahibkarlar iştirak edib.