SİYASƏT


Bahar Muradova: ATƏT PA-nın komitə iclaslarında mühüm məsələlər müzakirə olunub

A+ A

Tbilisi, 3 iyul, AZƏRTAC

İyulun 3-də ATƏT Parlament Assambleyasının 25-ci sessiyasının üçüncü günü komitələrin iclasları ilə davam edib. Gün ərzində üç komitənin iclası keçirilib. İclaslarda Azərbaycan, eləcə də ATƏT regionu üçün vacib olan çox mühüm məsələlər, eləcə də qətnamə layihələri müzakirə olunub.

ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə komitə iclaslarında iştirak edən deputatlarımız qətnamə layihələrinə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra düzəlişlərə nail olublar.

Jurnalistlərə müsahibəsində deputatlarımızın təklif etdikləri əlavələrin böyük bir qisminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu vurğulayan B.Muradova deyib: “Azərbaycan məruzə və qətnamə layihələrinin hazırlanması zamanı prosedur qaydalarına uyğun olaraq, bir sıra təkliflər irəli sürmüşdü. Biz həlli uzadılmış münaqişələrin, ATƏT regionu və Avropanın təhlükəsizliyi üçün təhdidlərin bu sənədlərdə əksini tapmamasından narazılığımızı bildirmişdik. Bu, bizim üçün mühüm əhəmiyyət kəsb edirdi. Daha çox diqqət mərkəzində saxladığımız məsələ Dağlıq Qarabağ münaqişəsi idi. ATƏT PA-nın iştirakçıları son vaxtlar bu məsələyə ciddi diqqət yetirməyə başlayıblar. Əgər biz əvvəllər dövlətlərin ərazi bütövlüyü, suverenliyi, işğal, təcavüz və s. məsələlərin sənədlərdə əksini tapmasında müəyyən çətinliklərlə üzləşirdiksə, artıq avropalıların mövqeyi dəyişib. Ona görə də Azərbaycan tərəfinin həlli uzadılmış münaqişələrin təhlükəsizliyə təhdid, ümumi inkişafa və əməkdaşlığa maneə olması, eləcə də miqrantlar, qadınların və uşaqların haqlarının qorunması ilə bağlı təklifləri çoxluq tərəfindən qəbul edildi”.

B.Muradova deyib ki, ermənilər bu iclaslarda da adətlərinə xilaf çıxmayıb, Azərbaycana qarşı iftira atmaqda davam ediblər. Ermənistan nümayəndə heyətinin rəhbəri aprel hadisələrində Azərbaycanı günahlandırıb və Ordumuzu qondarma “Dağlıq Qarabağ respublikası”nın ərazisinə hücumda ittiham edib. Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında erməni tərəfinin bu absurd fikirlərinin əsassız olduğunu bildirib, torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğunu bir daha tutarlı sübutlarla diqqətə çatdırıblar. Deputatlarımızın gərgin əməyi nəticəsində qətnamə layihələrində mövcud münaqişələrin həllinin vacibliyi məsələsi həllini tapıb.

Milli Məclis sədrinin müavini bildirib ki, iclaslarda Ermənistan nümayəndə heyətinin də bir sıra təklifləri olub. Ermənilər qətnamə layihələrində “Millətlərin öz müqəddəratını təyin etməsi”, “ATƏT sədrinin səlahiyyətlərinin azaldılması”, “İşğal altında olan ərazilərin azad edilməsində güc tətbiqinə qadağa qoyulması” kimi təkliflər irəli sürüblər. Lakin Azərbaycan tərəfinin arqumentlərə söykənən tutarlı cavabları nəticəsində bu təkliflərin heç biri qəbul olunmayıb.

ATƏT PA-nın iqtisadi komitəsində də vacib məsələlər müzakirə olunub. Xüsusən də Çernobıl faciəsi ilə bağlı bəndin müzakirəsi zamanı Azərbaycan tərəfinin seysmik aktiv zonalardakı obyektlərin, köhnə avadanlığı olan, istismara yararsız atom elektrik stansiyalarının bağlanması ilə bağlı ciddi təklifləri nəzərə alınıb.

Milli Məclis sədrinin müavini nümayəndə heyətinin üç günlük fəaliyyətini yüksək qiymətləndirib və növbəti iclaslarda da Azərbaycanın haqlı mövqeyinin müdafiə olunacağını, ATƏT regionu və bütövlükdə dünya üçün vacib olan məsələlərin qəbulunda fəal iştirak edəcəklərini bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.