CƏMİYYƏT
Bahar Muradova: Azərbaycan dövlətinin siyasətinin prioritet istiqamətlərindən biri də məhz uşaqlara qayğıdır
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də Milli Məclisdə “Mənim səsim-mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Məclis sədrinin müavini Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və digər tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Milli Məclis sədrinin müavini Bahar Muradova tədbiri açaraq bildirib ki, bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu qərar BMT Baş Assambleyası tərəfindən 1950-ci ildə qəbul edilib. Həmin il iyunun 1-də Baş Assambleya çərçivəsində keçirilən dünya qadınlarının konfransında qadınlar, yəni analar Uşaqların Beynəlxalq Müdafiəsi Gününün təsis edilməsi haqqında təkliflə çıxış ediblər. Assambleyanın qərarı ilə də artıq neçə illərdir ki, bütün ölkələr Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edirlər.
Bahar Muradova bildirib ki, Azərbaycan da beynəlxalq birliyin üzvü kimi bu günü bayram kimi qeyd edir. Azərbaycan həm uşaq hüquqlarının müdafiəsinə dair imzaladığı konvensiyalarda üzərinə götürdüyü öhdəlikləri, həm də Azərbaycan Respublikasının Konstitusiyası və bunun əsasında hazırlanan “Uşaq hüquqları haqqında” Qanundan irəli gələn vəzifələri bu illər ərzində yerinə yetirməkdədir. Azərbaycan bütün insan hüquqlarına çox hörmətlə və diqqətlə yanaşır, onun tərkib hissəsi olan uşaq hüquqlarına çox vacib bir məsələ kimi yanaşır. Azərbaycan dövlətinin yeritdiyi siyasətin prioritet istiqamətlərindən biri də məhz uşaqlar və onların sosial durumu, sağlamlığı, savadlılığıdır. Azərbaycan dövləti uşaqlar üçün müəyyən olunmuş hüquqlardan tam şəkildə istifadə etmək imkanlarının yaradılması istiqamətində lazım olan addımları atıb.