SİYASƏT
Bahar Muradova: Biz ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səlahiyyətlərinin artırılmasını təklif edirik VİDEO
Bakı, 28 iyun (AZƏRTAC). İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının (PA) iyirmi üçüncü illik sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında deputatların sualları cavablandırılmışdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova Ranko Krivokapiçin bir illik rəhbərliyi dövründə ATƏT institutları arasında münasibətlərin normallaşması, qurumun regionda fəaliyyətinin artırılması istiqamətində mühüm işlər gördüyünü qeyd edərək demişdir: “Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Joao Suareşi çox yaxşı tanıyırıq. O, Cənubi Qafqaza və bu regiondakı problemlərə yaxşı bələddir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT və onun Minsk qrupu nəticə olmasa da, fəal görünür. Ancaq ATƏT PA-da bu fəallıq hiss olunmur. Xüsusi nümayəndə Suareşə adekvat fəaliyyət göstərmək üçün səlahiyyət vermək barədə düşünürsünüzmü? Ukrayna barədə qətnamə müzakirə edəcəyik, belə vəziyyətdə xüsusi nümayəndənin fəaliyyətini genişləndirməyə ehtiyac varmı?”
ATƏT PA-nın prezidenti Ranko Krivokapiç bu sualın cavabında demişdir: “Biz ATƏT PA-nın rolunu artırmaq niyyətindəyik. Xüsusi nümayəndələrin işinə diqqət artmışdır. Joao Suareş fəaldır. Cenevrədə yenidən bu məsələni qaldıracağıq. Suareşin fəaliyyəti üçün büdcədən kənar vəsait tapmağa çalışırıq. Ukraynadakı kimi daha fəal olmağa çalışırıq. Joao Suareş bunu təkbaşına edə bilməz, ona dəstək verməliyik. Bu, çox mühüm məsələdir. Biz bu sahədə müxtəlif təcrübələrdən istifadə edəcəyik. Suareşin regionda səylərini yüksək dəyərləndiririk”.