SİYASƏT


Bahar Muradova: Parlament hər zaman mətbuatın işinə çox böyük önəm verir

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Azərbaycan parlamentində Milli Məclisin, Mətbuat Şurasının və media qurumlarının rəhbərliyinin birgə iştirakı ilə media-parlament əlaqələri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə media nümayəndələri Milli Məclisin inzibati binası ilə tanış olub.

Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova parlament və media əlaqələrindən danışıb. Bildirib ki, parlament hər zaman mətbuatın işinə çox böyük önəm verir.

“Azərbaycan demokratik cəmiyyət quruculuğu ilə inkişaf edən bir ölkədir. Biz qısa bir müddətdə çox böyük uğurlar əldə etmişik və uğurlarımızın bir çoxu da mətbuat sahəsinə aiddir. Milli mətbuatımızın yaranması, onun təşəkkül tapması, inkişaf etməsi, demokratik cəmiyyətin tələblərinə uyğun şəkildə formalaşması, bu sahədə qanunvericilik bazasının yaranması, qanunların aliliyinin təmin olunmasındakı iştirakı, gündəlik ictimai-siyasi vəziyyət, dünyada gedən proseslər, Azərbaycanın hədəfləri - bütün bunlarla bağlı mətbuatımız üzərinə düşən vəzifəni zaman-zaman müəyyənləşdirib, müəyyən vaxtda üzləşdiyi çətinlikləri dəf edib. Mətbuatımız demokratik ənənələrin yaranmasında, qurulmasında özünəməxsus rol oynayıb, ölkəmizə bu sahədə tanınmış simalar bəxş edib”, - deyə B.Muradova vurğulayıb.

Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycan dövləti mətbuatın rolunu yüksək dəyərləndirir. Mətbuat nümayəndələrinin işi yüksək qiymətləndirilir, onların rolu xüsusi qeyd edilir. Ulu öndər Heydər Əliyev mətbuatı xüsusi qiymətləndirib, bu sahənin inkişafı ilə bağlı atılan addımlar nəticəsində mətbuat hazırkı mərhələyə gəlib çıxıb. Demokratik ənənələrin yaranmasında, qurulmasında mətbuat özünəməxsus rol oynayıb.

B.Muradova qeyd edib ki, Milli Məclisin deputatları da, jurnalistlər də xalqın hüquqlarını müdafiə edirlər. Bu illər ərzində mətbuatın nailiyyətləri daha çoxdur və biz bundan qürur hissi ilə danışa bilərik. Milli Məclisin fəaliyyəti hər kəsin gözü qarşısındadır. Lakin bəzən məlumatların doğru-düzgün çatdırılmasında müəyyən problemlər var.

“Dövlətimizin yaranması, təşəkkül tapması, müstəqilliyini elan etməsi, onu itirməsi, yenidən bərpa etməsi, üzləşdiyimiz digər başqa çətinliklər, müharibələr, ərazi bütövlüyümüzün pozulması, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu və onun həyatımızın üzərinə qoyduğu izlər həm bu məsələnin işıqlandırılması mənasında, həm də ümumi inkişafımıza törədilən maneələr baxımından mətbuatın işində öz əksini tapıb. Parlamentin işinin işıqlandırılmasında və parlament-media münasibətlərinin formalaşmasında bu illər ərzində müxtəlif hadisələrlə üzləşmişik, şərəfli bir yol keçmişik. Bir əsas məqamı xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan mətbuatında özünü göstərən bir sıra zərərli meyillər aradan qaldırılır. Demək olar ki, son vaxtlar inkarçılıq və özünütəcrid meyilləri arxa planda qalıb”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək bildirib ki, bu gün Azərbaycanda vətənpərvər media formalaşıb. Məhz belə bir vətənpərvər medianın formalaşması nəticəsində mətbuat Azərbaycanın ümummilli problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında vahid mövqedən çıxış edir və bu problemlərin dünya ictimaiyyətinə çatdırılmasında bütün imkanlarından istifadə edir.

Ə.Amaşov qeyd edib ki, Azərbaycan mediası ilə parlament arasında çox gözəl əməkdaşlıq mövcuddur. Ancaq buna baxmayaraq bəzi hallarda bir sıra media qurumlarında parlamentin fəaliyyəti düzgün işıqlandırılmır və qərəzliliyə yol verilir. Kimsə tənqidin əleyhinə deyil, ancaq qərəz olmamalıdır. Sağlam tənqid, əksinə, parlamentin daha effektli fəaliyyətinə yardım edir. Odur ki, media-parlament fəaliyyətinin cəmiyyətə çatdırılmasında qərəzlilik yox, obyektiv yanaşma olmalıdır. Yalnız birgə qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində qarşımızda duran məqsədlərə və hədəflərə nail ola bilərik.

Mətbuat Şurasının sədri vurğulayıb ki, bu gün ölkəmizdə 40-a yaxın gündəlik, 250-yə yaxın həftəlik qəzet, bir o qədər də xəbər portalları fəaliyyət göstərir. Milli Məclislə Mətbuat Şurası arasında memorandumun imzalandığını deyən Ə.Amaşov qeyd edib ki, burada əsas məqsəd Milli Məclisin fəaliyyətini olduğu kimi işıqlandırmaqdır.

Sonra çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, mətbuatla parlament arasında münasibətlərin sağlam məcrada inkişafı həm dövlət, həm də ictimaiyyət üçün böyük dividend gətirə bilər. Parlamentdə media nümayəndələri ilə görüşün keçirilməsinin əhəmiyyətini vurğulayan baş redaktor bildirib ki, dövlət-mətbuat münasibətlərinin düzgün istiqamətdə qurulmasının və inkişafının bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz ona görə də mətbuat Ulu Öndəri özünün dostu sayıb. Prezident İlham Əliyev də dəfələrlə mətbuat rəhbərlərini, Mətbuat Şurasının idarə heyətinin üzvlərini qəbul edib, bu sahədə olan problemlərlə yaxından maraqlanıb. Sağlam münasibət həm dövlət, həm də ictimaiyyətə xeyir gətirir.

Elektron medianın maliyyələşməsi ilə bağlı KİV rəhbərlərinin suallarını cavablandıran Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli qeyd edib ki, KİVDF yarandığı gündən yalnız çap mediasına dəstək göstərir və hazırda 33 qəzet fonddan maliyyə dəstəyi alır. Dövlət büdcəsindən ayrılmalar Milli Məclisdə müzakirə olunur. Ötən il və bu il bir çox qurumların büdcə vəsaitləri azaldılıb, lakin KİVDF-yə ayrılan vəsait azalmayıb. Hətta ötən il mətbuat günündə gündəlik qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə əlavə 1 milyon da ayrılıb. Amma elektron medianın da maliyyələşməsi ilə bağlı dəfələrlə məsələlər qaldırılıb, müzakirələr aparılıb. Bu gün elektron mətbuatın maliyyələşməsi gündəmdədir. Bu məsələ yaxın günlərdə öz həllini tapacaq.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, media-parlament münasibətləri bu gün sağlam şəkildə davam edir. Vurğulayıb ki, Milli Məclis ən demokratik təsisatlardan biridir. Zaman-zaman burada Azərbaycanla bağlı ən ciddi qərarların qəbul olunması kimi proseslər həyata keçirilib. İnternet-media haqqında danışan U.Mirzəyev, həmçinin bu sahəyə diqqətin ayrılmasının vacibliyini də qeyd edib.

Azərbaycanda hər zaman media ilə parlament münasibətlərinin çox böyük önəm daşıdığını bildirən “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Quliyeva qeyd edib ki, ölkəmizdə “Kütləvi informasiya vasitələri” haqqında Qanun mövcuddur. Bu sənəd kifayət qədər də yaxşı hazırlanmış bir qanundur. “Dünya internet informasiya məkanı cərəyan etməkdədir. Buna görə də biz yeni medianın çağırışlarına mütləq cavab verməliyik”, - deyə A.Quliyeva vurğulayıb.

Azərbaycanda hərbi jurnalistika sahəsində müvafiq qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu deyən “Trend” İnformasiya Agentliyi baş direktorunun müavini Arzu Nağıyev diqqətə çatdırıb ki, qanun layihəsində həm jurnalistlərin fəaliyyəti, həm də sığortası ilə bağlı məsələlər də öz əksini tapa bilər.

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev çıxışında bildirib ki, cəmiyyətin həyatında kütləvi informasiya vasitələri çox böyük rol oynayır. Almaniyada, Fransada parlament jurnalistləri çox böyük nüfuza malik olan şəxslərdir, onların sözlərinə siyasətçilər də çox böyük hörmətlə yanaşırlar. Həmin jurnalistlər parlamentlə 5 il, 10 il, 15 il işləyən, qanunları çox vaxt hüquqşünaslardan yaxşı bilən şəxslərdir. Azərbaycan parlamentində isə jurnalistlər dəyişir. Gərək həmin jurnalistlər daxili qaydaları bilsinlər, qanunları, daxili nizamnaməni oxuyub öyrənsinlər.

Səfa Mirzəyev deyib ki, Milli Məclisin fəaliyyəti ilə bağlı məlumatlar qurumun saytında yerləşdirilir. Ona görə də, kütləvi informasiya vasitələrindən xahişimiz ondan ibarətdir ki, hansısa məsələ barədə fikir bildirəndə bizim ekspertlərlə məsləhətləşsinlər. Çünki hərdən müzakirə olunan qanun layihəsi barədə elə söhbətlər gedir ki, bunun həmin layihə ilə heç bir əlaqəsi olmur. Milli Məclisin rəhbərliyi aparatı media ilə dostluq etmək niyyətindədir.

Görüşdə qəzetlərin, informasiya agentliklərinin və portallarının rəhbərləri parlament-media münasibətlərindən danışaraq müəyyən təkliflər irəli sürüblər. Onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.