REGİONLAR
Baharın gəlişi cənub bölgəsində el şənlikləri ilə qeyd olunur VİDEO
Astara, 19 mart, AZƏRTAC
Novruzun gəlişi Cənub bölgəsində el şənliyi ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, martın 18-də Astara şəhərindəki dənizkənarı park-bulvarda Novruzun gəlişinə həsr olunmuş bayram şənliyi keçirilib.
Rayonun bədii özfəaliyyət kollektivləri, müğənnilər şən mahnılar, rəqs qruplarının üzvləri milli rəqslər ifa ediblər. İdmançıların çıxışları alqışlarla qarşılanıb.
Milli bayramımızın əsas siması olan Bahar qız bahar xonçası ilə meydana daxil olub. Birinci Avropa Oyunlarının Astara rayonunda məşəldarı olan yüngül atletika üzrə beşqat Azərbaycan çempionu Arif Qeybiyev və Yaponiyada keçirilən beynəlxalq rəsm müsabiqəsinin qalibi, şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Dəniz Baxışzadə Novruz tonqalını yandırıblar.
Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgilər və xalq oyunları bayram iştirakçılarında böyük maraq doğurub.
X X X
Lənkəranlılar da baharı əsl bayram əhval-ruhiyyəsi ilə qarşılayırlar.
Bu münasibətlə keçirilən şənlikdə rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri və qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin qədim eksponatları, tətbiqi sənət nümunələri, Uşaq Rəssamlıq Məktəbinin müəllim və şagirdlərinin rəsm sərgisi, eləcə də milli-mədəni irsimizlə tanışlıq olub.
Sonra bayram tonqalı yandırılıb, Dədə Qorqud Novruz şənliyinə toplaşanları salamlayıb, xeyir-dua verib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şənlik iştirakçılarının və bütün lənkəranlıların Novruz bayramını təbrik edib, ən xoş arzularını çatdırıb.
Bahar qız, Kosa və Keçəl faytonda meydana daxil olub, “Cəngi” səsləndirilib, idmançılar güclərini sınayıblar.
Şənlik iştirakçıları tonqalın ətrafında rəqs edib, müğənnilərin ifasında el nəğmələri, Bahara və Novruza həsr olunan mahnılar səsləndirilib.
X X X
Masallı şəhərində keçirilən Novruz şənliyində yüzlərlə rayon sakini Baharın gəlişini böyük sevinclə bayram edib.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları rayonun ayrı-ayrı yaşayış məntəqələrinin özünəməxsus məşğuliyyəti, qədim adət-ənənələri, xalq tətbiqi sənəti nümunələri, milli mətbəxi, Novruz şirniyyatı, bayram geyimləri ilə, Baharın gəlişini əks etdirən sərgilərlə tanış olublar.
Masallı Rayon İcra Hakimiyyətin başçısı Rafil Hüseynov Novruz tonqalını yandırıb.
Dədə Qorqud və Bahar qız tədbir iştirakçıları ilə bayram sevinclərini bölüşüblər.
Şənlikdə Kosa və Keçəl milli paltar geyinmiş oğlan və qızlarla birgə bayram tonqalı ətrafında dövrə vuraraq yallı gediblər.
Rayonun bədii özfəaliyyət kollektivlərinin və idmançıların çıxışları bayram iştirakçılarına xoş ovqat bəxş edib.
X X X
Martın 18-də Cəlilabad şəhərindəki Heydər Əliyev Seyrəngahında Novruz bayramı şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Cəngi” sədaları altında meydana daxil olan Bahar qız cəlilabadlıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bayram münasibətilə rayon sakinlərinə təbriklərini çatdırıb.
Mərasimdə Kosanın və Keçəlin məzhəkəli oyunları tamaşaçılara xoş ovqat bəxş edib. Milli paltar geyinmiş qızlar və oğlanlar meydanın mərkəzində alovlanan tonqalın ətrafında dövrə vuraraq yallı gediblər.
Bayram tədbirində rayon idmançıları öz məharətlərini göstərib, bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.
Tədbir iştirakçıları, həmçinin parkda el sənəti nümunələrindən ibarət sərgi, gənc rəssamların əl işləri ilə tanış olub, Novruz şirniyyatlarını dadıblar.