İQTİSADİYYAT
“Bakcell” Abşeron yarımadasını yüksək sürətli LTE şəbəkəsi ilə əhatə edəcək
Bakı, 9 oktyabr, AZƏRTAC
“Bakcell” şirkətinin yüksək sürətli LTE xidməti 2016-cı ilin 1-ci rübündə Abşeron yarımadasının bütün ərazisini əhatə edəcək.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, 4G şəbəkəsinin indiki əhatə dairəsi gələn ilin 1-ci rübündə 2,5 dəfə artaraq Abşeron yarımadasının coğrafi ərazisinin 98,75 faizini əhatə edəcək. Növbəti 6 ayda daha 600 4G baza stansiyası quraşdırılacaq və beləliklə, Abşeron yarımadasında fəaliyyət göstərən LTE baza stansiyalarının sayı 1000-ə çatdırılacaq. Bu istiqamətdə artıq başlanmış hazırlıq və quraşdırma işləri 2016-cı ilin 1-ci rübünün sonunadək yekunlaşdırılacaq.
Şirkət 400 baza stansiyası ilə hazırda Azərbaycanda ən qabaqcıl və ən böyük 4G operatorudur. Şirkətin 4G şəbəkəsi Bakı əhalisinin 90 faizinə xidmət göstərir və bu genişləndirmə ilə onun əhatə dairəsi bütün Abşeron yarımadasının 98,75 faizini əhatə edəcək.
Bu il Azərbaycanda keçirilmiş şəbəkələrin müstəqil keyfiyyət monitorinqlərinin (bençmarkinq) nəticələrinə görə, “Bakcell” 5300-dən artıq baza stansiyası ilə şəbəkənin keyfiyyəti və yüksək texnologiyaların tətbiqi baxımından bazarda üstünlüyünü qoruyub saxlayır.
““Bakcell” ölkədə ən iri mobil rabitə şəbəkəsinə və əhəmiyyətli internet tutumuna malikdir. 4G xidmətinin abunəçiləri də daxil olmaqla, mobil data istifadəçilərimizin sayı sürətlə artmaqdadır. Biz LTE şəbəkəsinin inkişafına daim sərmayə qoymaqla Azərbaycanda mobil rabitə sahəsinin inkişafını stimullaşdırmaq üçün səylərimizi davam etdirəcəyik”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
“Bakcell”in baş texniki direktoru Yigit Berktaş isə deyib: “Şirkət qısa müddətdə Azərbaycanın bütün bölgələrində 3G xidmətini təmin etməyə müvəffəq olub. Bu gün biz 4G şəbəkəsini genişləndirməklə yanaşı, ölkə ərazisində əlavə 3G stansiyalarının quraşdırılması üzrə işləri davam etdiririk. 3G şəbəkəmizin əhatə dairəsi son iki ildə 50 faiz genişlənərək ölkə əhalisinin 93 faizini əhatə edir”.
“Bakcell” 4G LTE xidmətlərini Abşeron yarımadasının bütün ərazisi üzrə genişləndirdikdən sonra 4G şəbəkəsinin Azərbaycanın digər bölgələrində də quraşdırılmasını planlaşdırır.