İQTİSADİYYAT
“Bakcell” “Bakutel-2016”da özünün ən son texnologiyalara əsaslanan xidmət və məhsullarını nümayiş etdirir
Bakı, 29 noyabr, Elvira Məmmədova, AZƏRTAC
“Bakcell” şirkəti XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (Bakutel-2016) sərgisində özünün ən son texnologiyalara əsaslanan xidmət və məhsullarını nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi bu il də şirkət öz stendində müxtəlif guşələr təşkil edib. “Ulduzum”, “Bakcell Bussiness”, “Nomrem.bakcell.com”,“Virtual reallıq”, “Bakcell arena”, “PES2017 yarışması”, “Applab” və “Sür@” guşələrində təqdim olunan yeniliklər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
“Regionun ən böyük tədbirlərindən biri hesab edilən “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il ölkənin telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır. Bu il 20 illiyini qeyd edən “Bakcell” şirkəti ənənəvi qaydada bu önəmli tədbirdə iştirak edir. Beynəlxalq nüfuzlu “Bakutel”də iştirak bizə öz məhsul və xidmətlərimizi nümayiş etdirmək və yeni tərəfdaşlıqların qurulmasında mühüm rol oynamaqla yanaşı, abunəçilərimizlə birbaşa ünsiyyət üçün tam fərqli şərait yaradır. İnanırıq ki, sağlam rəqabət üçün özünəməxsus biznes-platformaya çevrilmiş bu tədbir hər il olduğu kimi bu il də yüksək səviyyədə keçəcək, iştirakçılar və ziyarətçilər üçün məhsuldar olacaq”, - deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.
Qeyd edək ki, “Bakcell” şirkəti hər il “Bakutel” sərgisində iştirak edir və ziyarətçilərə öz xidmət və məhsullarını nümayiş etdirməklə yanaşı, onlar üçün müxtəlif əyləncələr təşkil edir.