İQTİSADİYYAT
“Bakcell” Cocuq Mərcanlıda şəbəkəsini gücləndirib
Bakı, 5 may, AZƏRTAC
“Bakcell” şirkəti Cocuq Mərcanlıda şəbəkəsini gücləndirib.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, qeyd olunan təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlının bərpası işlərində çalışan insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra isə Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçün “Bakcell” burada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri uğurla tamamlayıb.
“Bizim məqsədimiz Azərbaycanın hər bir bölgəsində yaşayan “Bakcell” abunəçilərini keyfiyyətli və sərfəli mobil rabitə xidməti ilə təmin etməkdir. Cəbhə bölgələrində yaşayan əhalinin keyfiyyətli mobil rabitəyə olan xüsusi tələbatını nəzərə alaraq “Bakcell” bu ərazilərdə şəbəkənin keyfiyyətini daim xüsusi nəzarətdə saxlayır. Bununla yanaşı şirkət Cocuq Mərcanlıya köçürüləcək əhaliyə yüksək keyfiyyətli mobil rabitə xidmətlərini xüsusi güzəştli şərtlərlə təqdim etməyi planlaşdırır”,- deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Bekers bildirib.
Qeyd edək ki, hazırda Bakcell şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.