İQTİSADİYYAT
“Bakcell” abunəçilərinə fakturasız xətt tarif paketlərindən fakturalıya keçid imkanı yaradır
Bakı, 22 sentyabr, AZƏRTAC
“Bakcell” şirkəti sentyabrın 26-dan etibarən abunəçilərinin rahatlığını təmin etmək məqsədilə onlara fakturasız xətt tarif paketlərindən fakturalı xətt tarif paketlərinə keçid imkanı yaradır.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu təklif abunəçilərə zəng etmək yolu ilə təqdim olunacaq. Zəng olunacaq abunəçilərə aylıq abunə haqqı olan tarif paketlərindən biri təklif ediləcək və abunəçilər yalnız onlara təklif olunan tarif paketinə keçid edə biləcəklər. Bu imkandan yalnız “Bakcell”dən zəng qəbul etmiş abunəçilər yararlana biləcəklər. Keçidlə bağlı abunəçidən hər hansı müqavilə imzalamaq və ya keçid haqqı ödəmək tələb olunmur. Abunəçi fakturasız xətdəki tarif paketindən fakturalıya keçidi özünün keçid ediləcək nömrəsinə gələn SMS-ə verəcəyi cavab SMS-i vasitəsilə təsdiq edəcək. Tarif paketlərinin keçidi zamanı abunəçiyə təqdim olunan məlumata əsasən, həmin nömrədə abunəçinin qəbul etdiyi tarif paketinin aylıq abunə haqqı həcmində və əlavə olaraq 10 AZN məbləğində kredit limiti ayrıla bilər.
Abunəçiyə “Bakcell”in (055) 6199964 nömrəsindən zəng və abunəçiyə fakturalı xətdəki aylıq abunə haqqı 9 AZN, 15 AZN, 25 AZN, 50 AZN və ya 85 AZN olan tarif paketlərindən birinə keçid edilməklə tarif paketinə keçiləcək. Belə ki, 9 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5116 nömrəsindən, 15 AZN üçün 5117 nömrəsindən, 25 AZN üçün 5118 nömrəsindən, 50 AZN üçün 5119 nömrəsindən və 85 AZN üçün isə 5120 nömrəsindən müvafiq SMS göndəriləcək.
Abunəçi razı olduğunu təsdiq etmək üçün müvafiq nömrədən gələn SMS-ə “1” yazıb göndərməlidir. Abunəçi təsdiq SMS-i göndərdikdən bir neçə dəqiqə sonra mövcud tarif paketi dəyişdiriləcək. Abunəçi müvafiq keçiddən sonra istədiyi zaman “Bakcell”in müştəri xidmətlərinə yaxınlaşaraq müvafiq sənədləri təqdim etmək və müvafiq xidmət haqqını ödəmək şərti ilə fakturasız xəttə geri qaytarıla bilər.
Abunəçilər tarif paketlərinə keçidlə bağlı suallarla “Bakcell”in müştəri xidmətlərinə müraciət etməklə, 555 nömrəsinə zəng vurmaqla və ya SMS göndərməklə əldə edə bilərlər.