İQTİSADİYYAT
“Bakcell” beynəlxalq zənglərin qiymətini endirib
Bakı, 12 oktyabr, AZƏRTAC
“Bakcell” şirkəti öz abunəçiləri üçün dəqiqəsi 2 dəfə ucuz qiymətə istənilən istiqamətdə beynəlxalq zənglər etməyə imkan verən yeni kampaniyaya başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, yeni kampaniyanın şərtlərinə görə, indi “Bakcell” abunəçiləri həftəsonu, bayram, qeyri-iş günləri və qeyri-pik saatlarında (00:00-dan – 08:00-dək) başqa ölkələrə etdikləri beynəlxalq zənglərin hər dəqiqəsinə görə cəmi 0.16 AZN ödəyəcək. Pik saatlarında beynəlxalq zənglərin qiyməti isə 1 dəqiqəsi 0.32 AZN hesabı ilə dəyişməz olaraq qalır.
Bu yeni tarif planını təqdim etməklə, “Bakcell” bazarda olduqca sərfəli və müsbət beynəlxalq rabitə təcrübəsini təklif edir.
“Bu yeni təklifi ilə “Bakcell” öz abunəçilərinin dünyanın müxtəlif guşələrində yaşayan dostları və ailə üzvləri ilə əlaqə yarada bilməsini daha da asanlaşdırır. İnanırıq ki, qiymətin endirilməsi insanların təyinat ölkəsindən asılı olmayaraq, daha tez-tez beynəlxalq zənglər etməsi və istədikləri qədər danışması üçün daha bir əsas yaradacaq”, - deyə “Bakcell” şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.