İQTİSADİYYAT
“Bakcell” gənc proqramçı və startaplara dəstək verir
Bakı, 1 fevral, AZƏRTAC
“Bakcell” MMC, “Microsoft Azərbaycan” və Yüksək Texnologiyalar Parkı (YTP) ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə gənc proqramçı və startapların bacarıqlarını inkişaf etdirmək və onların fəaliyyətinə dəstək olmaq üçün “Applab” layihəsinə başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində gənclər “Bakcell” şirkətinin “Sahil” ofisində yerləşən “AppLab” ofisinidə çalışır və məhsulları sınaqdan keçirmək üçün müasir cihazlardan istifadə edirlər. “Bakcell” və “Qualcomm” şirkətlərinin xüsusi ekspert qrupu onlara geniş çeşidli yerli bazar tələblərinə cavab verən yeni mobil proqramının pilot variantını tərtib etməkdə və həyata keçirməkdə dəstək göstərir. Bundan əlavə, “Microsoft BizSpark” proqramının geniş imkanlarından istifadə olunacaq. Layihə iştirakçıları müxtəlif investor və məsləhətçilərlə əlaqələr quracaq və onlar yaratdıqları proqramları beynəlxalq bazara çıxara biləcəklər.
“AppLab” layihəsində iştirak etmək üçün gənclər http://goo.gl/6nrfkF linkinə daxil olub qeydiyyatdan keçməli və yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini [email protected] ünvanına göndərməlidirlər.