İQTİSADİYYAT
“Bakcell” rebrendinq olunmuş korporativ təkliflər portfelini təqdim edir
Bakı, 19 sentyabr, AZƏRTAC
“Bakcell” şirkəti korporativ seqmenti əhatə edən məhsul və xidmət təklifləri portfelinin rebrendinq edildiyini elan edir. Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Bakcell” korporativ seqmentdən olan müştəriləri üçün təklif etdiyi məhsul və xidmətlərinin təkmilləşdirilməsini və genişləndirilməsini öz qarşısına məqsəd qoyaraq, korporativ müştəriləri üçün keyfiyyətli mobil rabitə xidmətləri ilə yanaşı, biznes yönümlü innovativ həllərin təmin edilməsi üzərində işləyir. Yeni dəyişikliklərlə yanaşı, şirkətin korporativ müştərilər üçün məhsul və xidmət təklifləri portfelinin adı “Gold”dan “Bakcell Business” adına dəyişdirilib.
“Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olmaqla biz ölkədə ümumi bazar konyunkturasını mütəmadi qaydada monitorinq edirik. Bu, şirkətimizin fəaliyyətinin daha çevik olmasına, ölçülərindən və fəaliyyət sahələrindən asılı olmayaraq, bütün müəssisə və təsərrüfat subyektlərinin tələbatlarını ən optimal şəkildə təmin etməyimizə çox kömək edir. Azərbaycanda ümumi biznes mühitini, xüsusilə kiçik və orta biznes sektorlarının potensialını nəzərə alaraq, biz bu sektorları əvvəllər heç vaxt olmadığı qədər dəstəkləyəcək olduqca rəqabətədavamlı və yenilikçi həllər işləyib hazırlayırıq”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Bekers bildirib.
Rebrendinq çərçivəsində “Bakcell Business” portfelinə həsr olunmuş yeni internet səhifəsi istifadəyə verilib. İndi “Bakcell” şirkətinin mövcud və potensial müştəriləri öz biznesləri üçün faydalı təkliflər haqqında məlumatı http://business.bakcell.com/ keçidindən istifadə edərək əldə edə bilərlər.
“Bakcell” şirkətinin xüsusi olaraq bütün ölkə ərazisində müxtəlif sənaye sahələrində fəaliyyət göstərən 1800-dən çox müəssisə və təşkilatın ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmuş korporativ tariflərindən hazırda 1,7 milyondan artıq abunəçi faydalanmaqdadır. Şirkətin peşəkar nümayəndələri mobil rabitənin hər bir aspekti üzrə şirkətlərə, yerli hökumət orqanlarına və təşkilatlara həftənin 7 günü, 24 saat ərzində dəstəyin göstərilməsini təmin edirlər.