İQTİSADİYYAT
“Bakcell” şəbəkəsi 2015-ci ilin “Ən yaxşı mobil şəbəkəsi” adına layiq görülüb
Bakı, 11 fevral, AZƏRTAC
“Bakcell” şirkəti 2015-ci ilin “Ən yaxşı mobil şəbəkə” adına layiq görülüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə “Bakcell” “Business Time” jurnalının təsis etdiyi “Azeri Business Award” Milli Mükafatı ilə təltif olunub.
“Bakcell” tezlik daşıyıcılarının birləşməsi texnologiyasından istifadə edən və “LTE-Advance” Kateqoriya 6 xidmətlərini göstərən dünya üzrə 73 şəbəkədən biridir. Təkmilləşdirilmiş şəbəkə daha yüksək data sürətini (225 Mbit/saniyəyə qədər) dəstəkləməyə və HD Səs kimi innovativ texnologiyaları təqdim etməyə texniki baxımdan tam hazırdır.
Şirkətin Baş icraçı direktoru Riçard Şirer bildirib ki, şəbəkənin üstün keyfiyyəti mütəxəssislər tərəfindən müsbət qiymətləndirilməklə yanaşı, həm də Azərbaycanda fəaliyyət göstərən müxtəlif biznes sahələri tərəfindən tanınır. “Bakcell” şəbəkəsinin üstünlüyü artıq özünü işgüzar müştərilərimizin sayının artmasında təzahür etdirir və şirkətimizin “Ən yaxşı mobil şəbəkə” nominasiyasında “Azeri Business Award” mükafatı ilə təltif olunması bunu bir daha sübut edir. Ötən bir neçə il ərzində “Bakcell” öz şəbəkəsinin inkişafına və genişləndirilməsinə böyük investisiyalar yatırıb. Biz yeni-yeni və daha effektiv vasitələri tətbiq etməklə bu istiqamətdə fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq.