CƏMİYYƏT
“Bakcell” və “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası gənclər üçün iş imkanları yaradır
Bakı, 31 may, AZƏRTAC
“Bakcell” şirkətinin dəstəyi ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi (İB) “Gənclərin karyera və inkişaf mərkəzi” adlı layihənin icrasına başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində yaradılan Gənclərin Karyera və İnkişaf Mərkəzi Bakı SOS uşaq kəndində yerləşir.
Səkkiz ay müddətində nəzərdə tutulan layihə SOS uşaq kəndlərində yaşayan yeniyetmələrin məşğulluq imkanlarının genişləndirilməsinə yönəlib. Layihənin əhatə etdiyi benefisiarlar əsasən, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və yeniyetmələrdir. Mərkəzin işə hazır vəziyyətə gətirilməsi üçün müvafiq təmir işləri aparılıb. Mart ayında mərkəzin maddi texniki bazası gücləndirilib, lazımi ofis mebelləri və kompyuter avadanlığı alınıb.
Qeyd edək ki, İB-nin veb-səhifəsinə gənclərin məşğulluğu bölümü əlavə olunub. Burada layihə və tərəfdaşlar barədə ətraflı məlumat, müvafiq qanunvericilik və faydalı məlumat bazası, layihədən faydalananların CV bazası və məşğulluq imkanlarının əldə edilməsi üçün faydalı linklərin yerləşdirilməsi nəzərdə tutulub.