CƏMİYYƏT
Bakı 1 nömrəli Tibb Kollecinin gözdən əlillər üçün açılmış şöbəsinin ilk məzun buraxılışı olub
Bakı, 7 iyul, AZƏRTAC
Sizin gördüklərinizi mən görə bilmirəm, amma mənim duyduqlarımı da siz hiss edə bilmirsiniz.
Bu, gözü dünya işığına həsrət qalan məşhurlardan birinin sözləridir. Görmə zəifliyi, dünya işığından məhrum olanlar yüksək hissiyyat və həssaslığa malik olurlar və bu sahədə onlar başqalarından xeyli dərəcədə fərqlənirlər. Üç il əvvəl Bakı 1 nömrəli Tibb Kollecində gözdən əlillər üçün müalicə və idman metodisti şöbəsinin açılması görünür, həm də elə bundan irəli gəlib.
Kollecin direktoru, tibb elmləri doktoru, professor Nəriman Mövsümovun AZƏRTAC-ın müxbirinə dedikləri də bunu təsdiq edir: “Gözdən Əlillər Cəmiyyətində masaj kursları təşkil edilir və bizim kollecin müəllimləri də tədris üçün həmin kurslara dəvət olunurdu. Həmin kurslarda peşə hazırlığının səviyyəsini yüksəltmək, onlara masaj və tibb işini daha mükəmməl öyrətmək üçün kollecdə yeni şöbənin açılması təşəbbüsü ilə Səhiyyə Nazirliyinə müraciət etdik. Müraciətimiz anlayışla qarşılandı və operativ surətdə həll edildi. Onu da deyim ki, Qafqazda belə bir şöbə ilk dəfədir fəaliyyət göstərir. Şöbəyə birinci il 13, sonrakı illər isə 20 tələbə qəbul edilib. Bu gün məzunların ilk buraxılışı zamanı, düşünürəm ki, yanılmamışıq. Ürəklə deyə bilərəm ki, çox yüksək peşə hazırlığına və bacarığa malik ilk məzunlar onlara bəslədiyimiz ümidləri doğruldacaq və ən yaxın vaxtlarda gənclərin xoş sorağını eşidəcəyik. Onlar həm tədris, həm də istehsalat təcrübələrində özlərini ən yaxşı tərəfdən göstəriblər. Yeri gəlmişkən, onu da deyim ki, tələbələr təcrübə müddətinin iki ayını Əlillərin Bərpa Mərkəzində keçiblər.
Bu gün bizə xoş hisslər bəxş edən təkcə məzunların tibbi hazırlıq səviyyəsi deyil, həm də məsələnin sosial tərəfidir. Gözdən əlil məzunların təhsilini başa vurub əmək fəaliyyətinə başlaması onların cəmiyyətə inteqrasiyası baxımından da çox böyük əhəmiyyət daşıyır və ölkəmizdə aparılan sosial yönümlü islahatlara kollecin töhfəsi kimi qəbul etmək olar”.
N.Mövsümov həyata vəsiqə alan gözdən əlil orta tibb işçisi və masajçıların ixtisasartırma kursu barədə də maraqlı təklif irəli sürüb: “Kislovodskda sovet dövründən çox güclü masaj məktəbi fəaliyyət göstərir. Lakin gözdən əlillərin həmin şəhərə ixtisasartırma kursuna göndərilməsi maddi və fiziki baxımdan xeyli çətinliklər yarada bilər. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həmin məktəbin nümayəndələrinin ölkəmizə gəlib 15-20 günlük kurs aparmasını təklif etmişik. Belə ixtisasartırma kursları nəticəsində məzunlarımız Çin masajının incəliklərini öyrənəndən sonra onlara tələbat daha da artacaq. İndiki məzunlardan gələcəkdə kadr və kollecin müəllimi kimi istifadə etməyi də nəzərdə tutmuşuq”.
Məzunlara kolleci bitirmək barədə şəhadətnamələrin verilməsi mərasimində onların valideynləri də iştirak ediblər.
Direktor məzunları bir-bir təbrik edərək əmək fəaliyyətində gənclərə uğurlar arzulayıb. Səhiyyə Nazirliyinin verdiyi təyinatlar məzunlara təqdim olunub. Məzunlardan Fərhad Bağırov paytaxtın 39, Brilyant Allahverdiyeva 3, Pəri Əsgərbəyli 6, Mədinə Babayeva 11, İlkin Şahverdi 20 nömrəli şəhər poliklinikalarına, Nərmin Əsgərbəyli Ş.Həsənov adına kurort üsulları ilə müalicə “Sağlamlıq sahəsi”nin, Ləman Nadirli isə Sumqayıt şəhər 1 nömrəli poliklinikasına təyinat alıblar.
İlk buraxılış, ilk məzunlar... Sabahdan isə onlar ilk iş gününə başlayacaqlar. İlk addım isə həmişə sevincli və həyəcanlı olur...