İQTİSADİYYAT
“Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi və bp şirkəti arasında tərəfdaşlıq sazişi imzalanmışdır VİDEO
Bakı, 12 iyun (AZƏRTAC, Nihat Budaqov). İyunun 12-də “Four Seasons Hotel Baku” mehmanxanasında bp şirkətinin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı qismində iştirakı ilə bağlı təqdimat olmuşdur.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “Bakı-2015” ilk Avropa Oyunlarına bir il qalması ilə bağlı geriyə sayımın başlanması münasibətilə Dənizkənarı Milli Parkda keçirilən şou proqramını və atəşfəşanlığı əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov təqdimat mərasimində çıxış edərək bildirmişdir ki, uzun illərdir Azərbaycanda fəaliyyət göstərən bp şirkəti beynəlxalq idman tədbirlərinin dəstəklənməsində böyük təcrübəyə malikdir. İndi isə şirkəti “Bakı-2015” Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi görməkdən məmnunluq duyduğunu bildirən nazir qeyd etmişdir ki, bp-nin dəstəyi Azərbaycan idmançılarının yüksək nəticələr qazanmasına əlavə stimul olacaqdır.
Vurğulanmışdır ki, bp şirkətinin Azərbaycanda 3250-dən çox əməkdaşı işləyir. Şirkət Azərbaycanda istedadların aşkar edilməsinə və yetişdirilməsinə kömək etməyi nəzərdə tutan Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin innovativ “Oyunlar Akademiyası”nın təşəbbüsü ilə tərəfdaş seçilmişdir.
Bakı Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq qeyd etmişdir ki, bp şirkəti idman üçün də son dərəcə mühüm olan ehtiram, mükəmməllik və birgə komanda işi kimi dəyərləri təşviq edir. Bütün bu dəyərlər “Bakı-2015” Avropa Oyunları üçün də vacib şərtdir. Avropa Oyunlarının yeni nəsil üçün Azərbaycanın beynəlxalq idman arenasında ən yüksək nailiyyət qazanmış ölkələrin siyahısına daxil olması baxımından əlverişli imkan yaratdığını və bp-nin Azərbaycan idmançılarının yetişdirilməsinə göstərdiyi köməyin bunun bariz nümunəsi olduğunu vurğulayan S.Kleqq demişdir: Mən əminəm ki, biz ilk Avropa Oyunlarının təşkili üzrə hazırlığımızı davam etdirdiyimiz bir vaxtda “Bakı-2015” və bp şirkətinin birgə tərəfdaşlığı ölkə ictimaiyyətini cəlb edəcək və onu ruhlandıracaqdır.
bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional vitse-prezidenti Yan Saderlend isə öz növbəsində bildirmişdir ki, şirkət ilk dəfə keçiriləcək Avropa Oyunlarının neft və qaz tərəfdaşı olacaqdır. Bununla bağlı əldə olunmuş razılığa əsasən şirkət Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə maliyyə dəstəyi göstərəcəkdir.
Qeyd edilmişdir ki, bp şirkəti Azərbaycanda bacarıq və potensialların yaradılması istiqamətində göstərdiyi ümumi səylərini gücləndirməkdən və belə layihələrin həyata keçirilməsində böyük bir təcrübəni miras qoyacaq bu təşəbbüsü dəstəkləməkdən məmnunluq duyur.
Sonda “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi və bp şirkəti arasında tərəfdaşlıq sazişi imzalanmışdır.