İDMAN
“Bakı-2015” Avropa Oyunlarının brendi bütün dünyada tanınır
Bakı, 19 dekabr, AZƏRTAC
“Bakı-2015” Avropa Oyunlarının orijinal yeni brendi dünyanın nüfuzlu dizayn vebsaytı - “Design Week” tərəfindən tanınıb. “Design Week” Avropa Oyunlarının avqustda təqdim olunan yeni rəsmi brendini bir neçə başqa tanınmış şirkətlə birlikdə 2014-cü ilin ən gözəl yeni tərtibatlarından biri adlandırıb.
“Bakı-2015”dən AZƏRTAC-a bildiriblər ki, brend Avropa Oyunları Əməliyyat Komitəsinin dizayn komandası tərəfindən Londonda fəaliyyət göstərən məşhur “SomeOne” agentliyi ilə birlikdə hazırlanıb.
Azərbaycan paytaxtının gözəlliyindən ilham alınaraq hazırlanan yeni obraz idman obyektlərinin, biletlərin, idman geyimlərinin üzərində və s. vasitələrlə nümayiş etdiriləcək. Yeni brendin mərkəzi elementi Azərbaycan folklorunda birliyin rəmzi olan nar ağacıdır. Bu ağacın budaqlarında isə idmanın müxtəlif növlərinin nəzərəçarpan piktoqramları ilə birlikdə ölkəmizin tarixi və mədəni rəmzləri bir vəhdətdə təqdim olunub.
Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə qeyd edib: “Bakının küçələrinə yaraşıq gətirən və dünyada dərhal tanınan Avropa Oyunlarının yeni tərtibatı üzərində işləyən hər kəsi təbrik etmək istərdim. Brendimizin “Design Week” tərəfindən tanınması böyük nailiyyətdir. Bu, Avropa Oyunlarının dünyada populyarlığının daha da artmasına şərait yaradır”.
“Bakı-2015” Avropa Oyunlarının kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: “Bu rəngarəng brend Avropa Oyunlarının dünyada tanınmasına xidmət edəcək marketinq fəaliyyətimizin mərkəzi hissəsidir. Biz innovativ və “Bakı-2015” Avropa Oyunlarını təmsil edən fəaliyyətimizlə tanındığımız üçün fəxr edirik”.