İDMAN
“Bakı-2015” Avropa Oyunlarının proqramına daxil olan triatlon yarışlarının keçiriləcəyi məkan müəyyənləşib
AZƏRTAC xəbər verir ki, Avropanın 130 ən güclü idmançısının qızıl medallar uğrunda mübarizə aparacağı yarış Bakının mərkəzindən şimalda yerləşən Bilgəh çimərliyində keçiriləcək.
Min beş yüz metr üzgüçülük, 40 kilometr velosiped və 10 kilometr qaçış yarışlarını özündə birləşdirən bu idman növünün ilk Avropa Oyunlarının ən məşhur yarışlarından biri olacağı gözlənilir.
“Bakı-2015” Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, kişi və qadınlar arasında keçiriləcək yarışların qalibləri birbaşa olaraq “Rio de Janeyro – 2016” Olimpiya Oyunlarına kvalifikasiya qazanacaqlar. Atletlər Kəndinin yaxınlığında yerləşən Bilgəh çimərliyi gözəl dənizkənarı istirahət mərkəzi kimi həm yerli insanlar, həm də turistlər arasında məşhurdur.
Beynəlxalq Triatlon Birliyinin prezidenti xanım Marisol Kasado bildirib ki, “Bakı-2015” Avropa Oyunlarında bu yarış üçün belə yüksək səviyyəli idman obyektinin hazırlanmasına çox sevinirik. Yüksək səviyyəli idman yarışının keçirilməsi, eləcə də gözlənilən geniş tamaşaçı kütləsinin yerləşdirilməsi imkanına malik olan bu məkan tərəfimizdən böyük rəğbət hissi ilə qarşılandı.
Avropa Triatlon Birliyinin prezidenti Renato Bertrandi əlavə edib ki, idmançılar məkanın keyfiyyətindən məmnun qalacaqlar və biz artıq gələn il keçiriləcək İlk Avropa Oyunlarını səbirsizliklə gözləyirik. Avropa Oyunları çərçivəsində triatlon yarışları iyunun 13-14-də keçiriləcək.
“Bakı-2015”in idman şöbəsinin direktoru Pirs O’Kallahan deyib: “Triatlon tərzinə görə həyəcanverici idman növüdür. Bilgəh çimərliyi idmanın bu növü üçün əla məkandır. Suyun keyfiyyəti ilə bağlı aparılan hazırkı sınaqlar mükəmməl nəticələr verib. Əminik ki, ilk Avropa Oyunları zamanı yüksək təəssürat yaradan tamaşa məkanında valehedici yarışlar keçiriləcək”.