İDMAN
“Bakı-2015”: Cəbhə bölgəsində möhtəşəm Alov festivalı VİDEO
Ağdam, 10 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizi bölgə-bölgə dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 10-da Ağcabədidən cəbhə bölgəsinə - Ağdam rayonuna gətirildi.
AZƏRTAC xəbər verir ki, axşam saatlarında birinci Avropa Oyunlarının məşəlinin Quzanlı qəsəbəsində təntənəli qarşılanma mərasimi oldu. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşı Saleh Qurbanlı birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra rayon gəncləri məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti boyunca 3 kilometr məsafəni qət edib, Alov festivalının keçiriləcəyi məkana – Dövlət Bayrağı meydanının yerləşdiyi Soltanbud təpəsinin ətəyindəki Qala parkına gəldilər. Əllərində gül-çiçək və bayraqlar olan, rayonun kənd və qəsəbələrindən gəlmiş minlərlə ağdamlı “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini coşqu ilə qarşıladı.
Məşəl estafetini izləyən rayonun fəal gənclərindən olan Ruslan Zeynalov AZƏRTAC-ın müxbiri ilə söhbətində dedi: “Nəhayət, həyəcanla gözlədiyimiz gün gəlib çatdı. Ölkəmizi diyar-diyar dolaşan birinci Avropa Oyunlarının məşəli bu gün rayonumuzda da alovlandı. Biz ağdamlı gənclər böyük sevinc hissi keçiririk. Gördüyünüz kimi ağdamlılar, xüsusən də gənclər “Bakı-2015”in məşəl estafetinin və Alov festivalının şahidi olmaq üçün buraya axışıb. Bu tarixi günü bizlərə yaşadanlara təşəkkür edir, yarışlarda iştirak edən idmançılarımıza uğurlar arzulayıram”.
Məşəl yürüşü mərasiminin sevincini yaşayan Ağdam rayonunun Şıxbabalı kəndindən olan məcburi köçkün İsgəndər İsgəndərov Alov festivalını ailə üzvləri ilə birlikdə izlədiyini bildirərək dedi:
“Ürəyimizdə belə bir hiss var ki, sanki doğma torpaqlarımıza qayıdışın başlanğıcındayıq. Biz o günün yetişəcəyinə inanır və belə məşəllərin həsrətini çəkdiyimiz yurd yerlərimizdə alovlanacağı günü səbirsizliklə gözləyirik”.
Sonuncu yürüşçü – futbolçu Xəyyam Qurbanov səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Rayon məktəblisi Günay Kazımovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər “Bakı 2015”in rəmzi kimi rayonda saxlanılacaq.
Mərasimdə birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Qala parkında keçirilən festival ağdamlılarda əsl bayram əhval-ruhiyyəsi yaratdı. Səhnədə nümayiş etdirilən Alov şousu, incəsənət ustalarının təqdim etdiyi konsert proqramı yaddaşlara həkk olundu.
Rayon gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı fikrini belə ifadə etdi: “İlk Avropa Oyunlarının məşəlinin doğma Qarabağda – Ağdam torpağında alovlanması bizi çox sevindirir. Buna görə ümummilli lider Heydər Əliyevin ruhu qarşısında baş əyirəm. Çünki onun müəyyən etdiyi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan belə bir tarixi hadisəyə imza atır. Ulu Öndər deyirdi ki, Azərbaycan dünyaya Günəş tək doğacaq. Belə də oldu. Bunun üçün Prezident İlham Əliyevə minnətdarıq”.
Minlərlə ağdamlının iştirak etdiyi Alov festivalı atəşfəşanlıqla başa çatdı.