İQTİSADİYYAT
“Bakı-2015” I Avropa Oyunları ilə bağlı “Oyunlar zolağı”nın işarələnməsi işlərinə başlanılır
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-si gecə saatlarından etibarən Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən “Bakı-2015” I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Ziya Bünyadov prospektindən başlanılır. Bu məqsədlə axşam saat 22:00-dan etibarən səhər saatlarınadək prospekt nəqliyyat vasitələrinin hərəkəti üçün “Böyükşor” yol qovşağından “20 Yanvar” dairəsinədək müvəqqəti olaraq məhdudlaşdırılacaq. İşlərin səhər saatlarına qədər davam etdirilməsi nəzərdə tutulub. Sürücülərdən görülən işlərə anlayışlı yanaşmaları xahiş edilir və alternativ olaraq Heydər Əliyev prospektinin əsas yolundan istifadə etmələri tövsiyə olunur.
Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə “Bakı-2015” ilk Avropa Oyunlarının loqotipinin şəkli çəkiləcək. İlk Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın çəkilişi işlərinin 20 gün müddətində davam etdirilməsi nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.
İdmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini “Atletlər” və “Media kəndi”ndən məşqlərə və idman obyektlərinə aparmaq üçün Heydər Əliyev prospekti-Ziya Bünyadov prospekti-“20 Yanvar” dairəsi-20 Yanvar tuneli- Bakı-Sumqayıt yolundan geriyə (Beynəlxalq Avtovağzal ərazisindən) -Bakı Dairəvi yolu-Bakı-Ələt yolunun 2-14 kilometr hissəsini birləşdirən marşrut, bundan başqa Ziya Bünyadov prospekti-Atatürk prospekti-Tofiq Bəhramov adına Respublika Stadionu, həmçinin Ziya Bünyadov prospekti-Atatürk prospekti-Vaqif küçəsi-Hənifə Ələsgərov-Cəlil Məmmədquluzadə küçələri-Heydər Əliyev adına İdman Konsert Kompleksini birləşdirən marşrutlardan istifadə ediləcək.
Ümumiyyətlə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərinin çəkilməsi işləri aparılır. Bütün işlər tərtib olunmuş cədvəl üzrə həyata keçirilir.