İDMAN
“Bakı-2015” I Avropa Oyunları: nəsillərin firavanlığına və işgüzar əməkdaşlığa çağırışlar
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu və Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə iyunun 30-da “Bakı-2015” birinci Avropa Oyunları: nəsillərin firavanlığına və işgüzar əməkdaşlığa çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev konfransı açaraq ilk Avropa Oyunlarının Azərbaycanın tarixində əlamətdar hadisə olduğunu deyib. Birinci Avropa Oyunlarında idmançılarımızın qazandıqları uğurlardan bəhs edən İ.Ağayev medal sayına görə Azərbaycan komandasının ikinci yerdə qərarlaşmasının sevindirici hal olduğunu söyləyib.
İşçi Qrupun rəhbəri, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı çıxış edərək bildirib ki, birinci Avropa Oyunları və gələcəkdə keçirilməsi nəzərdə tutulan digər bu kimi böyük tədbirlər Azərbaycan iqtisadiyyatının, mədəniyyətinin inkişafına, ölkənin beynəlxalq nüfuzunun artmasına, xalqın sosial rifahının daha da yaxşılaşmasına xidmət edir. Lakin təəssüf ki, bu gün Azərbaycanın qazandığı uğurlara kölgə salmaq istəyən qüvvələr var.
X.Kazımlı vurğulayıb ki, Azərbaycan bütün ölkələri sülhə, barışığa çağırır, təcavüzə və işğala qarşı çıxır. O əlavə edib ki, ermənilər tərəfindən Azərbaycana qarşı təcavüz nəticəsində ölkəmizə dəymiş ziyanın miqdarı çox böyükdür. Bu rəqəmlər İşçi Qrupu tərəfindən hesablanır və ictimaiyyətə açıqlanacaq.
Konfransda Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalından bəhs edən film göstərilib.
Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının baş direktoru Nikolay Trifonov, İşçi Qrupun beynəlxalq departamentinin rəhbəri Aleksander Şapiro Suliman, Milli Məclisin deputatı İlyas İsmayılov və başqaları çıxış edərək birinci Avropa Oyunlarının uğurla keçirildiyi, Azərbaycanın bu işin öhdəsindən bacarıqla gəldiyini vurğulayıblar. Bildirilib ki, birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə Azərbaycan istənilən irimiqyaslı tədbiri keçirməyə hazır olduğunu bir daha sübut etdi.
Konfransda Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində gördüyü işlərə görə bir qrup şəxsə fəxri fərmanlar verilib.