İDMAN
“Bakı-2015” birinci Avropa Oyunları ölkəmiz üçün böyük şərəf və məsuliyyətdir
Bakı, 29 may, Zərəngiz Mansurova, AZƏRTAC
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş tədbir keçirilib.
İctimai birliyin sədr müavini Həbib Misirov AZƏRTAC-a bildirib ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ölkəmizdə təşkil olunan mədəni, ictimai, sosial aksiyalarda, tədbirlərdə yaxından iştirak edir. Birliyin ziyalıları hər zaman Azərbaycan dövlətçiliyinə, milli mənəvi dəyərlərimizin qorunmasına xidmət edir, bu şərəfli missiyanı özlüyündə böyük məsuliyyət hesab edirlər.
Tədbirdə çıxış edənlər birinci Avropa Oyunlarının ölkəmiz üçün böyük şərəf və məsuliyyət olduğunu bildiriblər. Qeyd olunub ki, qitənın tarixində ilk dəfə keçirilən birinci Avropa Oyunları müxtəlif mədəniyyəti olan xalqları bir araya gətirəcək və bununla da tolerantlığa öz töhfəsini vermiş olacaq. Yurd-yuvasından didərgin düşən Kəlbəcər ziyalıları sülhün, əmin-amanlığın tərəfdarıdırlar. Onlar belə möhtəşəm tədbirin ölkəmizdə keçirilməsini dövlətimiz üçün çox mühüm hadisə hesab ediblər.