İDMAN
“Bakı-2015”-də qadınlar arasında triatlon yarışının qızıl medalını isveçrəli Nikola Spiriq qazanıb VİDEO
Bakı, 13 iyun, Məhərrəm Əlioğlu, Məmməd İsayev, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarında qadınlar arasında triatlon yarışının qızıl medalını iyunun 13-də isveçrəli Nikola Spiriq qazanıb.
AZƏRTAC xəbər verir ki, Bakıda ilk dəfə beynəlxalq səviyyədə qadınlar arasında keçirilən triatlon yarışında birinci Avropa Oyunlarının medallarını qazanmaq uğrunda 53 idmançı mübarizə aparıb. Bilgəh çimərliyində keçirilən yarışda Azərbaycanı Kseniya Levkovska təmsil edib. İdmançımız 32-ci nömrə altında çıxışa başlayıb.
Üç mərhələdən - üzmək, velosiped sürmək və qaçmaqdan ibarət olan yarışda 2012-ci il London Olimpiya Oyunlarının qalibi, isveçrəli triatlonçu Nikola Spiriq qalib gəlib. Bütün rəqiblərindən güclü olduğunu bir daha sübut edən N.Spiriq çempionluğu 2 saat 28 saniyəlik nəticə ilə qazanıb.
Niderlandlı atlet Klamer Raçel 2 saat 1 dəqiqə 44 saniyə ilə ikinci, isveçli Norden Liza isə 2 saat 1 dəqiqə 46 saniyəlik nəticə ilə üçüncü yeri tutublar.
Çempion Nikola Spiriq "Rio-2016" Yay Olimpiya Oyunlarının triatlon yarışında birbaşa iştirak üçün ölkəsinin Milli Olimpiya Komitəsinin təsnifat şəhadətnaməsini təmin edib.
Bakıda keçirilən yarış Nikola Spiriq və Liza Norden arasında London Olimpiya Oyunlarındakı təqribi bərabərlikdən sonra ilk görüş olub. Belə ki, N.Spiriq üç il əvvəl rəqibindən cəmi 15 santimetr öndə olmaqla qızıl medala yiyələnmişdi. Gələn il keçiriləcək Olimpiya Oyunlarının təsnifat mərhələsi Bakıya salındığı üçün paytaxtımızda keçiriləcək yarış əzəli rəqiblərə eyni dərəcədə şans verirdi.
Yarışın birinci mərhələsində - üzgüçülük yarışında idmançılar 1500 metr məsafə qət ediblər. Bu mərhələdə ən yaxşı nəticələri niderlandlı Raçel Klamer (20 dəqiqə 16 saniyə), rusiyalı Anastasiya Abrosimova (20 dəqiqə 16 saniyə) və isveçli Liza Norden (20 dəqiqə 37 saniyə) başa vurublar. İdmançımız Kseniya Levkovska birinci mərhələdə 21 dəqiqə 36 saniyəlik nəticə ilə 19-cu sırada qərarlaşıb.
İkinci mərhələdə atletlər velosipedlə hər birinin uzunluğu 6,6 kilometr olan 6 dövrə qət ediblər. Bu mərhələdə Nikola Sprinq birinci (1 saat 3 dəqiqə 37 saniyə), isveçli Liza Norden ikinci olublar (1 saat 3 dəqiqə 49 saniyə). Niderlandlı Klamer Raçel isə 1 saat 4 dəqiqə 6 saniyəlik nəticə ilə mərhələni üçüncü sırada tamamlayıb. Kseniya Levkovska bu mərhələni 17-ci sırada başa vurub. O, 1 saat 5 dəqiqə 25 saniyəlik nəticə göstərib.
İdmançılar sonuncu - qaçış mərhələsində hər biri 3,3 kilometr olmaqla 3 dövrə vuraraq yarışı başa çatdırıblar. Təmsilçimiz 2 saat 5 dəqiqə 47 saniyəlik ümumi nəticə ilə yekun sıralamada 17-ci yerdə qərarlaşıb.
Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Janez Kocijançiç medalları qaliblərə təqdim edib.
Birinci Avropa Oyunlarının çempionu “Rio-2016” Olimpiadasının triatlon yarışında birbaşa iştirak üçün ölkəsinin Milli Olimpiya Komitəsinə təsnifat şəhadətnaməsi qazandırıb.
Triatlon üzrə kişi atletlərin yarışı iyunun 14-də keçiriləcək.