İDMAN
“Bakı-2015” ilk Avropa Oyunları məşəlinin səyahəti Naxçıvandan başlayır [YENİLƏNİB]
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli aprelin 27-də Naxçıvana gətirilib.
Məşəl əvvəlcə Naxçıvan Beynəlxalq Hava Limanından “Duzdağ” mədəninə, oradan da “Əshabi-kəhf” ziyarətgahına aparılıb.
Hazırda birinci Avropa Oyunlarının məşəli Naxçıvan şəhərinin Koroğlu meydanına gətirilir. Məşəl Cəlil Məmmədquluzadə küçəsi ilə Heydər Əliyev Sarayının qarşısından Naxçıvan şəhərinin mərkəzi meydanına aparılacaq. Burada isə möhtəşəm Alov festivalı təşkil olunacaq.
X X X
Bakı, 27 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda, Atəşgah məbədində alovlandırdığı “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlini ilk məşəlçiyə verməsi ilə məşəlin Azərbaycanın 60 regionuna 48 günlük səyahəti başlayıb.
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) AZƏRTAC-a bildiriblər ki, məşəlin aprelin 27-də Naxçıvana səyahəti münasibətilə muxtar respublikada təşkil olunacaq festivalın yüksək səviyyədə keçirilməsi üçün geniş hazırlıq işləri görülür. Naxçıvanda məşəl ümumilikdə 4,1 kilometr məsafə qət edəcək.
Son illər Naxçıvanın idman həyatı bir sıra beynəlxalq tədbirlərlə zəngin olub. 2003-cü ildə Naxçıvan şəhərində şahmat üzrə dünya çempionatı keçirilib. Burada, həmçinin şahmat üzrə ənənəvi “Naxçıvan Open” beynəlxalq turniri və hər il gənc sərbəst güləşçilərin “Naxçıvan kuboku” uğrunda komanda yarışı təşkil olunur.
Azərbaycanın ən qədim guşələrindən olan Naxçıvan çoxəsrlik abidələri ilə zəngindir. Bu qədim diyar Nuh peyğəmbərin qəbirüstü türbəsi, həmçinin “Əshabi-Kəhf” ziyarətgahı, Mömünə xatun türbəsi, eləcə də Duzdağ yatağı və s. ilə məşhurdur.
“Bakı-2015” ilk Avropa Oyunlarının Atəşgah məbədindən götürülmüş məşəli aprelin 27-də Bakıdan yola salınıb. Məşəl iyunun 7-də paytaxta gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. Hündürlüyü 66 santimetr olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Başlığın üzərindəki 50 çəyirdək Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Məşəl səyahətinə 150 yaradıcı komanda, 132 nəqliyyat vasitəsi və 1000-dən çox məşəlçi cəlb olunub. Estafetdə “Bakı-2015”in ulduz elçiləri də iştirak edəcəklər. Məşəl səyahəti ərzində 15 şəhər və rayonda - Naxçıvan, Lənkəran, Cəlilabad, Sabirabad, Horadiz, Quzanlı, Bərdə, Gəncə, Şəmkir, Mingəçevir, Şəki, Qəbələ, Şamaxı, Quba və Qobustanda Alov festivalları keçiriləcək.