MƏDƏNİYYƏT
“Bakı 2015” ilk Avropa Oyunlarına həsr olunmuş festivalın qaliblərinin təqdimat mərasimi keçirilib
Bakı, 6 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Q.Abbasov adına mədəniyyət sarayında “Bizim Olimpiada” adlı festivalın qaliblərinin təqdimat mərasimi keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, cari ilin fevral ayı ərzində qurumun şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin, uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında təşkil edilən festival “Bakı 2015” ilk Avropa Oyunlarına həsr olunub.
Şagirdlərin rəsm və əl işlərindən ibarət festivalın məqsədi “Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, onların milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onlara dövlət qayğısının artırılması, təsviri və tətbiqi-dekorativ sənətin inkişaf etdirilməsidir.
Festivala 7-16 yaş qrupu üzrə şagirdlər qatılıblar. Nəzərinizə çatdıraq ki, rəsm işləri kağız, kətan və digər materiallar üzərində işlənilib. Festivalda istənilən texniki üsulda (yağlı boya, quaş, akvarel, pastel, karandaş və s.) çəkilmiş rəsmlər və istənilən materialdan hazırlanmış əl işləri qəbul olunub.
Festivalda iştirak etmiş 322 işdən 44-ü əl işi, 278-i isə rəsm işidir. Qeyd edək ki, qalibləri müəyyən etmək üçün mədəniyyət və incəsənət xadimlərindən, peşəkar rəssamlardan ibarət münsiflər heyəti yaradılıb. Münsiflər heyəti tərəfindən ümumilikdə 105 iş seçilib ki, bunların 27-si əl işi, 78-i isə rəsmdir.
Təqdimat mərasimində münsiflər heyəti tərəfindən 10 nəfər rəsm işləri üzrə, 5 nəfər isə əl işləri üzrə qalib seçilərək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.
Bildirək ki, bu əl işlərindən ibarət sərgi bir həftə davam edəcək.