İDMAN
“Bakı-2015”-in karate yarışında Azərbaycanın 3 qadın və üç kişi idmançısı mübarizə aparır [YENİLƏNİB] VİDEO
Qadınların kumite yarışlarında 61 kiloqram çəki dərəcəsində fransalı idmançı Lusie İqnas türkiyəli idmançı Merve Çobanı məğlub edərək qızıl medal qazanıb. Həmin çəki dərəcəsində bürünc medalı isə xorvatiyalı idmançı Ana Lenard qazanıb.
19:18
Kumite yarışlarında 50 kiloqram çəki dərəcəsində türkiyəli qadın idmançı Serap Özçelik, 55 kiloqram çəki dərəcəsində isə fransalı idmançı Emili Touy qızıl medal qazanıblar.
Yarışda, həmçinin 50 kiloqram çəki dərəcəsində gümüş medala avstriyalı Plank Bettina, bürünc medala isə fransalı Aleksandra Reççiya sahib olublar. 55 kiloqram çəki dərəcəsində isə xorvatiyalı Yelena Kovaçeviç ikinci, təmsilçimiz İlahə Qasımova isə üçüncü yeri tutublar.
18:42
Azərbaycan komandası birinci Avropa Oyunlarının karate yarışlarında ikinci bürünc medalı qazanıb.
Niyazi Əliyev (67 kq) almaniyalı idmançı Rikardo Qiqleri 3:1 hesabı ilə məğlub edərək üçüncü yeri tutub.
18:17
Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında ilk qızıl medalı qazanıb.
Kişilər arasında kumite yarışlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Firdovsi Fərzəliyev ilk Avropa Oyunlarının çempionu olub.
İdmançımız finalda italiyalı Luka Mareskanı 4:0 hesabı ilə məğlub edib.
17:50
Bakı, 13 iyun, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan atletləri arasında ilk medalı qadın idmançımız İlahə Qasımova qazanıb. Kumite yarışında 55 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın idmançımız ispaniyalı Qarsiya Ferreri 5:2 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.
“Baku Crystal Hall”a gələn Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax karate üzrə kumite yarışlarında finala vəsiqə qazanan idmançılarımız Rəfael Ağayev və Firdovsi Fərzəliyev, o cümlədən digər ölkələrin kişi və qadın atletləri ilə görüşüb.
İdmançıları təbrik edən Tomas Bax onlara uğurlar arzulayıb.
17:05
Azərbaycan idmançısı Rəfael Ağayev 75 kiloqram çəki dərəcəsində yarımfinalda mübarizə aparan almaniyalı Noah Bitçi 1:0 hesabı ilə məğlub edib.
Rəfael Ağayev qızıl medal uğrunda mübarizədə italiyalı Luici Busa ilə qarşı-qarşıya gələcək.
16:35
Yarımfinalda 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Niyazi Əliyev türkiyəli atlet Burak Uyqura məğlub olub.
İdmançımız bürünc medal uğrunda almaniyalı idmançı Rikardo Qiqler ilə yarışacaq.
16:13
Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Firdovsi Fərzəliyev yarımfinalda makedoniyalı Emil Pavlovu məğlub edərək finala yüksəlib.
F.Fərzəliyev qızıl medal uğrunda görüşdə italiyalı idmançı Luka Mareska ilə üz-üzə gələcək.
16:09
Azərbaycan karateçiləri birinci Avropa Oyunlarına uğurla başlayıblar. Kumite yarışlarının müxtəlif çəki dərəcələrindəki yarımfinallarında ölkəmizin bir qadın və üç kişi idmançısı mübarizə aparır.
Yarışda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın idmançımız İlahə Qasımova yarımfinalda fransalı idmançı Emili Touya məğlub olub. İdmançımız bürünc medal uğrunda ispaniyalı karateçi Qarsiya Ferrer ilə mübarizə aparacaq.
13:34
Yarışda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan kişi idmançımız Rəfael Ağayev də yarımfinal mərhələsinə yüksəlib. Bu mərhələdə R.Ağayev almaniyalı idmançı Noah Bitç ilə mübarizə aparacaq.
12:30
Yarımfinal mərhələsinə yüksələn 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycanın kişi idmançısı Niyazi Əliyevin rəqibi türkiyəli idmançı Burak Uyqur olacaq.
12:26
Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan kişi idmançımız Firdovsi Fərzəliyev də yarımfinal mərhələsinə yüksəlib. İdmançımız yarımfinalda makedoniyalı Emil Pavlov ilə mübarizə aparacaq.
11:52
Yarışda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın idmançımız İlahə Qasımova yarımfinal mərhələsinə yüksəlib. Bu mərhələdə İ.Qasımovanın rəqibi fransalı idmançı Emili Touy olacaq.
X X X
“Bakı-2015” birinci Avropa Oyunları davam edir.
İyunun 13-də - yarışların ikinci günündə “Baku Crystal Hall”da karate üzrə kumite yarışlarında müxtəlif çəki dərəcələri üzrə qadınların və kişilərin mübarizəsi başlayıb. Qadınlar 50, 55, 61, kişilər isə 60, 67, 75 kiloqram çəki dərəcələrində 6 dəst medal uğrunda çıxış edirlər.
Azərbaycanı qadınların yarışında Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61), kişilərin mübarizəsində isə Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq) və Rəfael Ağayev (75 kq) təmsil edirlər.
Karate “Bakı-2015”-də keçiriləcək 4 qeyri-Olimpiya idman növündən biridir. İyunun 14-də yekun vurulacaq yarışlarda 12 medal uğrunda 96 idmançı mübarizə aparır.