İDMAN
“Bakı-2017”: Ağır atlet Rövşən Fətullayev bürünc medala layiq görülüb VİDEO
Bakı, 16 may, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışında kişilər arasında 94 kiloqram çəki dərəcəsində qızıl medal uğrunda 13 idmançı mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançısı Rövşən Fətullayev 376 kiloqramlıq (165+211 kq) nəticə ilə bürünc mükafata yiyələnib.
Çempion iranlı Seyedayub Mousavi Carahi olub. O, birdən qaldırmada 169, təkanla qaldırmada isə 212 kiloqram nəticə göstərib. Ümumilikdə 381 kiloqramı ram edən idmançı bütün rəqiblərini üstələyib.
Gümüş medala Özbəkistan idmançısı Farxodbek Sobirov layiq görülüb. Özbəkistan təmsilçisi toplam 380 kiloqram (170+210 kq) nəticə göstərib.
Bu çəki dərəcəsindəki digər təmsilçimiz Rövşən Nailxan Nəbiyev isə toplam 360 kiloqramlıq (162+198 kq) nəticə ilə sıralamada yeddinci olub.
Qalib idmançılara medalları Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz Əl-Nassar təqdim ediblər.