İDMAN
“Bakı-2017”: Ağır atletika üzrə qadınların yarışında türkiyəli idmançı çempion olub
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının ikinci günü 58 kiloqram çəki dərəcəsində çıxış edən qadınların mübarizəsi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu çəki dərəcəsində qızıl medalı türkiyəli Sumeyye Kentli qazanıb. O, birdən qaldırmada 90, təkanla qaldırmada isə 117 kiloqram nəticə göstərib. Ümumilikdə 207 kiloqramı ram edən türkiyəli atlet rəqiblərini üstələyib.
Gümüş medala sahib olan indoneziyalı Jaqadhita Akhedya isə toplam 199 kiloqramlıq (91+108 kq) nəticə göstərib. Özbəkistanlı Muattar Nabieva isə 196 kiloqramlıq (89+107 kq) nəticə ilə bürünc mükafata yiyələnib.
Fəxri kürsüdə yer alan idmançılara medalları İslam Həmrəyliyi İdman Federasiyasının idarə heyətinin üzvü Ousman Abou Vadda təqdim edib.