İDMAN
“Bakı-2017: Basketbol 3x3 yarışının birinci günündə Azərbaycan millisi iki qələbə qazanıb
Bakı, 18 may, A.Sadıq, S.Məmmədova, AZƏRTAC
Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışlarının birinci gününün ilk yarışında səkkiz görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, qadınların yarışında beş, kişilərin mübarizəsində isə üç qarşılaşma oynanılıb.
İlk görüş qadınların mübarizəsində “A” qrupunda yer alan Azərbaycan və Türkmənistan milli komandaları arasında keçirilib. Qarşılaşmada baxımlı oyun nümayiş etdirən Azərbaycan basketbolçuları 16:7 hesabı ilə qalib gəliblər. Qadın basketbolçularımız gün ərzində qrupda keçirdikləri ikinci görüşdə də qələbə qazanıblar. Komandamız Əlcəzair millisini 20:14 hesabı ilə məğlub edib. Bu qrupun digər oyununda Mali atletləri Əlcəzair yığmasını 10:9 hesabı ilə məğlubiyyətə uğradıblar.
Kişilərin yarışında ilk görüş “B” qrupu çərçivəsində Qətər və İndoneziya milli komandaları arasında oynanılıb. Qətər basketbolçuları 21:12 hesabı ilə qalib gələrək İslamiadaya qələbə ilə başlayıblar. Digər oyunda isə Kot d'İvuar basketbolçuları Mali millisindən üstün olublar - 17:13. Yarışda ilk oyunda uduzan İndoneziya yığma komandası ikinci görüşdə İordaniyanı 21:7 hesabı ilə məğlub edib. Kot d'İvuar basketbolçuları ikinci görüşü də qələbə ilə başa vuraraq Qətər təmsilçilərinə 15:7 hesabı ilə qaliblər. İordaniya yığması qrupda keçirdiyi ikinci görüşdə də məğlub olub. İordaniyalılar bu dəfə Mali səddini keçə bilməyiblər – 7:21.
Günün ikinci yarışında on qarşılaşma keçiriləcək. Oyunların beşində qadın, beşində isə kişi idmançılar meydana çıxacaqlar. Azərbaycanın kişi basketbolçuları Türkiyə və Türkmənistan milliləri ilə görüşəcəklər.