İDMAN
“Bakı-2017”: Futbol üzrə Əlcəzair və Oman yığmaları yarımfinala vəsiqə qazanıblar
Bakı, 15 may, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında ilk yarımfinalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “AZAL Arena”da Oman millisi Əlcəzair yığması ilə qarşılaşıb.
Moldovalı baş hakim Andrey Çebanın idarə etdiyi oyunun 40-cı dəqiqəsində Oman millisinin üzvü Muhsen Əl-Qassani hesabı açıb. Matçın 46-cı dəqiqəsində əlcəzairli Tayeb Mezaiani hesabı bərabərləşdirib.
İkinci hissədə komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib və matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
“Bayıl Arena”da təşkil olunan digər oyunda isə Türkiyə və Fələstin yığmaları üz-üzə gəliblər.
Görüşə fəal başlayan Fələstin millisi oyunun 23-cü dəqiqəsində Oday Dabbaq, dörd dəqiqə sonra Mohammed Maraaba və 33-cü dəqiqədə İslam Batranın qolları hesabda önə çıxıb. Görüşün 44-cü dəqiqəsində türkiyəli futbolçu Can Hakki Aksu fərqlənib və oyunun birinci hissəsi Fələstin yığmasının 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
Matçın 63-cü dəqiqəsində Melih Okutan və 71-ci dəqiqəsində Taylan Antalyalı rəqib qapısına yol taparaq hesabı bərabərləşdiriblər. Qarşılaşmanın 81-ci dəqiqəsində Can Hakki Aksu dubl etməklə Türkiyə millisinin 4:3 hesablı qələbəsini rəsmiləşdirib.
Hesabında 7 xal olan Əlcəzair millisi “B” qrupunun lideri kimi yarımfinala vəsiqə qazanıb. Oman millisi (5 xal) qrup ikincisi kimi mərhələ adlayıb. Türkiyə 3 xalla üçüncü, Fələstin isə 1 xalla sonuncu pillədə qərarlaşıb.